Kişmişi, yəni tumsuz üzümü çoxları sevir. Yeməsi rahatdır, toxumları tüpürməyə ehtiyac qalmır. Bəs belə üzümün özü necə çoxalır? Axı toxumu yoxdursa, yeni üzüm tənəkləri haradan yaranır?
Ucnoqta.az bildirir ki, əslində cavab düşündüyümüzdən daha sadədir.
Üzümün toxumları yaranır, amma inkişafını dayandırır
İlk növbədə bir məqamı dəqiqləşdirmək lazımdır: tumsuz üzümün daxilində toxum ümumiyyətlə yaranmır demək düzgün deyil.
Adi halda çiçək tozlanır, mayalanma baş verir, giləmeyvə formalaşır və onun daxilində canlı rüşeymi olan sərt toxum inkişaf edir.
Tumsuz üzüm sortlarında isə prosesin ilk mərhələləri eynidir. Çiçək tozlanır, mayalanır və giləmeyvə formalaşmağa başlayır. Lakin daha sonra toxumun daxilindəki rüşeym normal inkişaf edə bilmir və toxumun inkişafı dayanır. Bununla belə, giləmeyvə böyüməyə və yetişməyə davam edir.
Bu mexanizm stenospermokarpiya adlanır.
Bu səbəbdən kişmişdə toxumların tamamilə yox olduğunu demək olmaz. Giləmeyvəni kəsdikdə onun daxilində inkişaf etməmiş, yumşaq toxum izlərini görmək mümkündür. Yəni toxumun inkişafı başlanır, lakin sona çatmır.
Yeni tənəklər necə əldə edilir?
Toxumla çoxalma mümkün olmadıqda bitkilərin başqa çoxalma üsulları köməyə gəlir. Üzümçülükdə bunun üçün əsasən çiliklə çoxaltma üsulundan istifadə olunur.
Bunun üçün sağlam və məhsuldar tənəkdən kəsilmiş zoğ parçası torpağa əkilir və kökləndirilir. Daha sonra həmin çilikdən yeni üzüm tənəyi inkişaf edir.
Ən maraqlısı isə budur ki, bu yolla yetişdirilən yeni tənək ana bitkinin genetik surəti olur. Yəni ana tənək tumsuz üzüm verirdisə, ondan çiliklə yetişdirilən yeni tənək də eyni xüsusiyyətə malik olacaq.
Beləliklə, böyük üzüm bağlarında eyni sortdan çoxsaylı tənəklərin olması üçün hər birinin ayrıca toxumdan yetişdirilməsi lazım deyil. Bir neçə sağlam ana tənəkdən götürülən çiliklər kökləndirilərək minlərlə yeni tənək əldə edilə bilər.
Deməli, tumsuz üzümün “sirri” toxumsuzluğunda deyil, onun vegetativ yolla – əsasən çiliklə çoxaldılmasındadır.
