BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın 81-ci sessiyasının ilk iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, bir saata yaxın davam edən iclasda sessiyanın sədri Xəlilur Rəhman çıxış edərək əsas prioritetləri açıqlayıb. Bunlar sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın sürətləndirilməsi, iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi, insan hüquqlarının təşviqi və müdafiəsi, rəqəmsallaşma və yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin çoxtərəfliliyə etimadın bərpasıdır.
Rəhman həmçinin təşkilatın maliyyə sabitliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, dövlətləri BMT-yə üzvlük haqlarını tam, vaxtında və heç bir şərt irəli sürmədən ödəməyə çağırıb.
Baş Assambleyanın 81-ci sessiyası 7 sentyabr 2027-ci ildə başa çatacaq. Sessiyanın ilk əsas tədbiri sentyabrın 22-26-da və 28-də keçiriləcək ümumi siyasi debatlar olacaq.
