Avstriyada ölkənin sonuncu “Miss Avstriya” titulunun sahibi Lusiya Şişiç 22 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb. Onun ölüm xəbəri sentyabrın 7-də axşam saatlarında yayılıb.
Lusiya Şişiç 2024-cü ildə “Miss Vyana” və “Miss Avstriya” titullarını qazanıb. Maliyyə çətinlikləri səbəbindən 2025 və 2026-cı illərdə “Miss Avstriya” müsabiqəsi keçirilməyib. Buna görə də Şişiç milli səviyyədə qüvvədə olan gözəllik kraliçası titulunu qoruyub.
Gənc qadın anadangəlmə ürək qapağı qüsurundan əziyyət çəkib və uşaqlıqdan etibarən yeddi əməliyyat keçirib. Sonuncu əməliyyatı 2025-ci ilin sonunda olub. Şişiç səhhətinin yaxşı olduğunu və növbəti müdaxiləyə yalnız bir neçə ildən sonra ehtiyac yaranacağını bildirib.
Ailəsinin sözlərinə görə, onun ölümü tamamilə gözlənilməz olub. Yaxınları Şişiçin özünü yaxşı hiss etdiyini deyiblər. Avqustun ortalarında o, sevgilisi ilə istirahətə gedib və sosial şəbəkədə kurortdan fotolar paylaşıb.
