Almaniyanın Hessen federal əyalətində həvəskar futbol klubunun oyunçusu komanda yoldaşını zəhərləməkdə şübhəli bilinərək həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Need To Know məlumat yayıb. 30 yaşlı Filip Leybiq iyunun ortalarında komandası ilə Drezdenə turnirə gedərkən özünü pis hiss edib. Evə qayıtdıqdan sonra vəziyyəti kəskin pisləşən futbolçu xəstəxanaya yerləşdirilib və iyunun 16-da dünyasını dəyişib.
İlkin olaraq onun səfər zamanı futbolçulara verilən balıq yeməyindən zəhərləndiyi ehtimal olunub. Lakin digər komanda üzvlərində heç bir zəhərlənmə əlaməti müşahidə edilməyib.
Ekspertiza Leybiqin orqanizmində çoxsaylı orqan çatışmazlığına səbəb olan toksin aşkarlayıb.
Sentyabrın 1-də polis mərhumun 35 yaşlı komanda yoldaşı Marius Vetsi saxlayıb. İstintaqın qənaətinə görə, toksini Leybiqin orqanizminə məhz Vets yeridib. Lakin maddənin hansı yolla verildiyi hələ müəyyən edilməyib.
Şübhəlinin motivi rəsmi açıqlanmasa da, yerli KİV-in məlumatına görə, iki futbolçu arasında qadın üstündə münaqişə yaranıb. Məlumata görə, Vets sevgilisi ilə sentyabrın ortalarında toy etməyə hazırlaşırmış.
