ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə ictimai dəstək səviyyəsi rekord həddə enib.
Ucnoqta.az xəbər verir ki, FT-nin sifarişi ilə Britaniyanın Focaldata şirkətinin keçirdiyi sorğuya əsasən, amerikalı seçicilərin yalnız 33 faizi Trampın Ağ Ev rəhbəri kimi fəaliyyətini dəstəkləyir. Bu göstərici ötən ay 35 faiz təşkil edib.
Respublikaçı seçicilər arasında da Trampa dəstək 72 faizə düşüb ki, bu da FT sorğuları üzrə ən aşağı göstəricidir.
Sorğuda iştirak edənlərin böyük əksəriyyəti ABŞ administrasiyasının ticarət siyasətini və tətbiq etdiyi gömrük tariflərini mənfi qiymətləndirib. Respondentlər tariflərin ölkədə yaşayış xərclərinin artmasına səbəb olduğunu bildiriblər.
Seçicilərin üçdə ikisi ABŞ iqtisadiyyatının yanlış istiqamətdə getdiyini düşünür. Respondentlərin 57 faizi isə Tramp administrasiyasının siyasətinin onların maliyyə vəziyyətinə mənfi təsir etdiyini deyib. Bundan əlavə, iştirakçıların 56 faizi Kanadaya qarşı tətbiq edilən son gömrük tariflərindən narazı qalıb və bunun istehlak qiymətlərinin yenidən artmasına səbəb ola biləcəyindən narahat olduğunu bildirib.
Sorğuda Trampın Respublikaçılar Partiyasının siyasi müttəfiqi kimi mövqeyinin də zəiflədiyi üzə çıxıb. Respondentlərin 46 faizi onun qarşıdan gələn Konqres seçkilərində Respublikaçılar Partiyasının mövqeyini çətinləşdirdiyini düşünür. Daha 47 faiz isə Trampın açıq şəkildə dəstəklədiyi namizədə səs vermək istəmədiyini bildirib.
