İmişli rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbir gənclərin əldə etdikləri uğurların qeyd olunması, onların gələcək hədəflərinin dəstəklənməsi və təhsildə qazandıqları nailiyyətlərin ictimaiyyətə təqdim olunması məqsədi daşıyıb.
Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir zamanı çıxış edən qonaqlar məzunları qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edərək, onların gələcək təhsil həyatlarında da uğurlar əldə edəcəklərinə əmin olduqlarını bildiriblər. Qeyd olunub ki, qəbul imtahanlarında əldə edilən yüksək nəticələr təkcə məzunların deyil, həm də onların müəllimlərinin, valideynlərinin və ümumilikdə təhsil ictimaiyyətinin birgə əməyinin nəticəsidir.
Çıxışlarda gənclərin əldə etdiyi nəticələrin yalnız onların şəxsi uğuru deyil, eyni zamanda ailələrinin, müəllimlərinin və təhsil ictimaiyyətinin birgə əməyinin göstəricisi olduğu vurğulanıb. Qeyd olunub ki, belə nailiyyətlər bölgədə təhsilin inkişafına, şagirdlər arasında elmə və mütaliəyə marağın artırılmasına, yüksək hədəflər müəyyənləşdirən gənclərin sayının çoxalmasına mühüm töhfə verir.
Tədbirdə çıxış edən məzunlar əldə etdikləri uğurlarda əməyi olan müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildiriblər. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, gələcəkdə seçdikləri ixtisaslar üzrə peşəkar biliklərə yiyələnəcəklərini, ölkəmizin inkişafına öz töhfələrini vermək üçün əzmlə çalışacaqlarını qeyd ediblər.
Valideynlər və təhsil işçiləri də belə görüşlərin təşkil olunmasının gənclərin motivasiyasının artırılmasında mühüm əhəmiyyət daşıdığını bildirərək, məzunlara göstərilən diqqətə görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
Sonda ali məktəbə qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlar İmişli Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və qiymətli hədiyyə ilə təltif olunublar.

