Belçikanın xarici işlər naziri Maksim Prevo ABŞ-ın Belçikadakı səfiri Bill Uaytı sosial şəbəkədə Belçikanın səhiyyə nazirini ələ salan paylaşımına görə XİN-ə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Uayt daha əvvəl sosial şəbəkədə Belçikanın səhiyyə naziri Frank Vandenbrukun süni intellekt vasitəsilə hazırlandığı ehtimal edilən fotosunu paylaşıb. Fotoda nazir siqaret qutusunun üzərində təsvir olunub və paylaşımda “Belçikanın əsas uduzanı kimdir?” ifadəsi yazılıb. Siqaret qutusunun üzərində isə “Vandenbruk. Həyatın bütün zövqlərini məhv edir” sözləri yer alıb.
Prevo buna cavab olaraq bildirib ki, “səfir tərəfindən hökumət üzvünə qarşı bu cür təhqiramiz ifadələrin işlədilməsi qəbuledilməzdir”. Belçika Xarici İşlər Nazirliyi də ABŞ səfirinin çağırıldığını təsdiqləyib.
Nəşr xatırladıb ki, Vandenbruk mart ayında alkoqol reklamlarında sağlamlığa zərər barədə xəbərdarlığın mətninin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi təklif edib. Belə ki, “alkoqoldan sui-istifadə sağlamlığa zərər vurur” ifadəsinin “alkoqol sağlamlığa zərər vurur” ifadəsi ilə əvəzlənməsi təklif olunub.
“Politico”nun fikrincə, Uaytın paylaşımı böyük ehtimalla məhz bu təşəbbüsə istehza məqsədi daşıyır.
