Dünya Bankı Nepalda baş verən dağıdıcı daşqının nəticələrinin aradan qaldırılması üçün ölkəyə 25 milyard rupiyədək (163 milyon dollardan çox) təcili yardım göstərəcək.
Ucnoqta.az bildirir ki, bu barədə Dünya Bankının Nepal üzrə direktoru Devid Sislen ölkənin maliyyə naziri Svarnim Vaqlaya məlumat verib.
Nepal Maliyyə Nazirliyinin məlumatına görə, Hindistan, Çin və Dünya Bankı ölkəyə maliyyə yardımının göstərilməsi üçün koordinasiyaya başlayıb. Hindistan artıq fəlakətin nəticələrinin aradan qaldırılması üçün çadır, ədyal, gigiyena dəstləri və dərmanlar da daxil olmaqla 10 ton zəruri yardım ləvazimatı göndərib. Ümumdünya Səhiyyə Təşkilatı da Nepal üçün tibbi ləvazimat, dərman və çadırlar göndərib.
Məlumata görə, Nepal-Çin sərhədində baş verən qar-daş uçqunu nəticəsində Lhende çayının qarşısı kəsilib və güclü sel yaranıb. Fəlakət nəticəsində 175 nəfər həlak olub, 800-dən çox insan, o cümlədən 470-dən çox xarici vətəndaş itkin düşüb.
İlkin məlumatlara əsasən, daşqın nəticəsində 9 su elektrik stansiyası, 19 avtomobil körpüsü və kommersiya banklarının 10-a yaxın filialı dağılıb.
