ABŞ Prezidenti Donald Tramp ölkənin enerji sisteminə xaricdən yarana biləcək təhdidlər səbəbindən fövqəladə vəziyyət elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə müvafiq fərman Ağ Evin saytında dərc olunub.
Fərmanda qeyd olunur ki, elektrik enerjisi sistemində istifadə olunan avadanlıqların xaricdən tədarükü ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Trampın sözlərinə görə, bu risklər həm ayrı-ayrı sövdələşmələr, həm də ümumi idxal əməliyyatları ilə bağlı ola bilər.
Qərara əsasən, ABŞ enerji sistemində xarici istehsal olan bəzi elektrik avadanlıqlarının, kritik proqram təminatlarının və rəqəmsal komponentlərin alınması və quraşdırılmasına məhdudiyyətlər tətbiq edilir.
Məhdudiyyətlərin yüksək gərginlikli transformatorlar, günəş və akkumulyator sistemləri üçün invertorlar, generatorlar, rele mühafizə qurğuları və digər “ağıllı” elektron cihazlara şamil ediləcəyi bildirilir.
ABŞ Energetika Nazirinə isə digər dövlət qurumları ilə koordinasiya şəraitində artıq quraşdırılmış xarici avadanlıqların istifadəsi ilə bağlı risklərin aradan qaldırılması, həmçinin yeni və mövcud müqavilələrin dayandırılması üçün şərtləri və müddətləri müəyyənləşdirmək səlahiyyəti verilib.
