ABŞ Prezidenti Donald Trampın administrasiyası bütün dünyada immiqrasiya vizaları ilə bağlı müraciətlərin baxılmasını müvəqqəti dayandırıb.
Ucnoqta.az xəbər verir ki, “Financial Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, bu addım konsulluq əməkdaşlarının dövlət yardımına ehtiyacı yarana biləcək namizədləri müəyyənləşdirməsi üçün yeni təlim proqramının keçirilməsi ilə əlaqədardır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, konsulluq əməkdaşlarının hər bir müraciətə “hərtərəfli və ardıcıl” şəkildə qiymət verməsi məqsədilə qlobal təlim proqramına başlanılıb.
FT-nin məlumatına görə, ABŞ səfirlik və konsulluqlarında müsahibələri təyin edilmiş immiqrasiya vizası müraciətçilərinə görüşlərin təxirə salınması barədə elektron məktublar göndərilib. Onlara yeni müsahibə tarixlərinin daha sonra bildiriləcəyi deyilib.
Dövlət Departamenti immiqrasiya vizaları üzrə müsahibələrin nə vaxt bərpa olunacağını açıqlamayıb.
