İran hakimiyyəti regionda sabitliyin bərpası naminə qonşu ölkələrlə bütün növ əməkdaşlığa və qarşılıqlı fəaliyyətə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Pezeşkian Tehranda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşündə qeyd edib ki, İran İslam ölkələri və qonşu dövlətlərlə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində istənilən əməkdaşlığa hazırdır.
Onun sözlərinə görə, İslam ölkələri ilə əlaqələrin gücləndirilməsi regionda davamlı sülhün təmin olunması üçün əsas şərtlərdən biridir. Pezeşkian həmçinin bildirib ki, birlik və həmrəylik düşmən tərəflərin “sui-qəsdlərinə” qarşı ən mühüm çəkindirici amildir.
İran prezidenti ABŞ-ın da İranla münasibətlərdə yanaşmasını və ritorikasını dəyişməli olduğunu vurğulayıb.
Pezeşkianın sözlərinə görə, güc tətbiqinə və təhdidlərə əsaslanan yanaşma İranla ABŞ arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi prosesini daha da çətinləşdirəcək.
