Naməlum mənşəli pilotsuz uçuş aparatı (PUA) gecə saatlarında Rumıniyanın Tulça bölgəsində yerə düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, saat 03:21-də PUA Qalats şəhərindən təxminən 13 kilometr məsafədə Rumıniyanın hava məkanına daxil olub. Saat 03:24-də havaya qaldırılan Rumıniya Hərbi Hava Qüvvələrinin IAR-330 SOCAT helikopterinin ekipajı pilotsuz aparatın Tulça dairəsinin Qrindu yaşayış məntəqəsindən təxminən 4 kilometr şimal-şərqdə, yaşayış olmayan əraziyə düşdüyünü bildirib.
PUA-nın düşməsindən sonra ərazidə yanğın baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanlar, eləcə də maddi ziyan barədə məlumat yoxdur.
Nazirlik qeyd edib ki, hərbi radarlar saat 02:23-də Ukrayna sərhədi yaxınlığında PUA qrupunu qeydə alıb. Vəziyyəti izləmək üçün İspaniya Aerokosmik Qüvvələrinə məxsus iki F-18 qırıcısı və Rumıniya Hərbi Hava Qüvvələrinin IAR-330 SOCAT helikopteri havaya qaldırılıb.
