Böyük Britaniyada iqlim böhranı səbəbindən ərzaq qiymətlərində kəskin artım baş verə bilər. Buna ölkənin iqlim dəyişikliklərinin təsirlərindən əziyyət çəkən dövlətlərdən meyvə və tərəvəz idxalından yüksək asılılığı səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Food Foundation” xeyriyyə təşkilatının hesabatında bildirilib.
Sənədə əsasən, Böyük Britaniyaya əsas ərzaq məhsulları tədarük edən 20 ölkədən 18-i iqlim dəyişikliklərinə orta və ya yüksək dərəcədə həssas ölkələr kateqoriyasına daxildir. Ölkə meyvə ehtiyacının təxminən 80 faizini, tərəvəz ehtiyacının isə 47 faizini idxal hesabına qarşılayır.
Hesabatda qeyd olunur ki, britaniyalıların ən çox aldığı doqquz meyvə növündən beşi ölkə daxilində yetişdirilə bilər. Lakin Böyük Britaniya həmin meyvələrə olan tələbatın 40 faizindən azını özü istehsal edir.
Pomidor, göbələk, bibər, xiyar, soğan, brokoli və yaşıl lobya kimi bir sıra tərəvəzlər də əsasən xaricdən gətirilir.
Hesabat müəllifləri bildirirlər ki, qlobal iqlim dəyişiklikləri fonunda idxaldan asılılıq getdikcə daha ciddi risk yaradır. BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun proqnozlarına görə, temperaturun yüksəlməsi məhsuldarlığın azalmasına, bitkilərin istilik stresinə məruz qalmasına və meyvə-tərəvəzlə digər kənd təsərrüfatı məhsullarının keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
