Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü daşqınlar nəticəsində həlak olanların sayı 85 nəfərə çatıb, 300 mindən çox insan isə təbii fəlakətdən zərər çəkib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Assam Ştatının Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsi məlumat yayıb.
Bildirilib ki, daşqınlar 349 kənd yaşayış məntəqəsini su altında qoyub. Təbii fəlakət nəticəsində 15,4 min hektar kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib.
Qeyd olunub ki, bölgədə müşahidə olunan güclü musson yağışları və görünməmiş daşqınlarla əlaqədar xilasetmə əməliyyatlarına Hindistan ordusu və Hərbi Hava Qüvvələri cəlb olunub. Xarici aləmdən təcrid olunmuş çətin keçilən ərazilərə ərzaq, dərman və digər zəruri ləvazimatların çatdırılması üçün pilotsuz uçuş aparatlarından istifadə edilir.
Hazırda Assamın 10 dairəsində 44 müvəqqəti sığınacaq düşərgəsi fəaliyyət göstərir. Bu düşərgələrdə təxminən 15 min nəfər yerləşdirilib, humanitar yardım mərkəzləri isə zərərçəkən əhaliyə dəstək göstərməyə davam edir.
