İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın yeni girov götürmə cəhdinə əl atacağı təqdirdə Qəzzada genişmiqyaslı tədbirlər görüləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb. Katzın sözlərinə görə, İsrail vətəndaşlarından və ya hərbçilərindən ən azı bir nəfər girov götürülərsə, Qəzza şəhərinin təxminən 1 milyon sakini ərazidən çıxarılaraq sektorun cənubuna köçürüləcək.
Nazir bu barədə 1973-cü il Yom Kippur müharibəsində həlak olan İsrail hərbçilərinin xatirəsinə həsr olunmuş mərasimdə danışıb.
Katz bildirib ki, belə bir vəziyyətdə Qəzzadakı yaşayış binaları və digər infrastruktura qarşı zərbələr endiriləcək və şəhərin aqibəti Rəfah və Beyt-Hanun kimi digər yaşayış məntəqələrinin aqibəti ilə eyni ola bilər.
İsrail müdafiə naziri HƏMAS və onun tərəfdarlarına xəbərdarlıq edərək, girovların qaytarılmasını tələb edib. O, mümkün ssenari çərçivəsində əhalinin təxliyəsi, infrastrukturun dağıdılması və əraziyə nəzarətin ələ keçirilməsi kimi addımların atılacağını bildirib.
