ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda hərbi zərbələr endirməyə hazır olduğunu bəyan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset X sosial şəbəkəsində paylaşım edib.
“ABŞ Müdafiə Nazirliyi buna hazır idi və hazır olaraq qalır. Söhbət İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasdan gedir. Silahlar yüklənib və istifadəyə tam hazırdır”, – deyə Heqset bildirib.
Nazir paylaşımında konkret əməliyyat planı, mümkün zərbələrin vaxtı və ya hədəfləri barədə əlavə məlumat verməyib.
Bu açıqlama Vaşinqton və Tehran arasında gərginliyin yenidən artdığı, tərəflərin bir-birinə qarşı sərt bəyanatlar səsləndirdiyi bir dövrdə verilib. ABŞ administrasiyası indiyədək mümkün hərbi əməliyyatlarla bağlı rəsmi qərar qəbul edildiyini açıqlamayıb.
