Gecə saat 3 radələrində oyanmaq hər zaman yuxusuzluq əlaməti deyil. Alimlər bildirirlər ki, bu hal insanların əcdadlarından miras qalan qədim yuxu vərdişi ilə əlaqəli ola bilər.
Ucnoqta.az xəbər verir ki, araşdırmalara görə, elektrik işıqlandırması yaranmazdan əvvəl insanlar adətən iki mərhələli yuxu rejimində yaşayırdılar. Onlar gün batandan bir neçə saat sonra yatır, gecə yarısı oyanaraq bir müddət oyaq qalır, daha sonra isə yenidən sübhədək yatırdılar.
Yuxu tarixini araşdıran tarixçi Rocer Ekirx müxtəlif tarixi mənbələrdə gecə oyanmaları və iki mərhələli yuxu haqqında 2 mindən çox qeydə rast gəldiyini bildirib. Bu məlumatlar Homerin “Odisseya”sından başlayaraq məhkəmə sənədləri, tibbi mətnlər, məktublar və digər qədim mənbələrdə yer alır.
Mütəxəssislər qeyd edirlər ki, müasir insanın yuxusu 90-110 dəqiqəlik dövrlərdən ibarətdir. Gecənin ikinci yarısında yuxu daha yüngül fazaya keçdiyindən qısa müddətli oyanmalar normal hesab olunur və insanların əksəriyyəti bunu xatırlamır.
Alimlərin fikrincə, problem yalnız o zaman yaranır ki, gecə oyanmaları mütəmadi təkrarlanır və insan yenidən yuxuya gedə bilmir. Bu halda həkimə müraciət etmək tövsiyə olunur.
