Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, hərbi həkimlər və tibb işçiləri də böyük fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək minlərlə yaralının həyatının xilas edilməsində mühüm rol oynayıblar. Bu gün Azərbaycan hərbi təbabətinin tanınmış simalarından biri, tibb xidməti general-mayoru, Vətən müharibəsinin iştirakçısı Elxan Paşa oğlu İbrahimovun doğum günüdür.
Ucnoqta.az xəbər verir ki, Elxan İbrahimov 30 iyul 1969-cu ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra hərbi tibb sahəsində fəaliyyətə başlayıb və uzun illər Silahlı Qüvvələrin müxtəlif hərbi tibb müəssisələrində məsul vəzifələrdə çalışıb. Peşəkar fəaliyyəti dövründə hərbi səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi təminatın gücləndirilməsi və hərbi həkim kadrlarının hazırlanmasına mühüm töhfələr verib.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Elxan İbrahimov hərbi tibb xidmətinin fəaliyyətinin koordinasiyasında, döyüş bölgələrindən yaralıların operativ təxliyəsi və onlara vaxtında tibbi yardımın göstərilməsinin təşkilində yaxından iştirak edib. Onun rəhbərliyi ilə hərbi tibb xidmətinin fasiləsiz fəaliyyəti təmin olunub və çoxsaylı hərbçilərin həyatının xilas edilməsinə mühüm töhfə verilib.
Peşəkarlığı, yüksək təşkilatçılıq bacarığı və Vətənə sədaqəti ilə seçilən Elxan İbrahimovun xidmətləri Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, müxtəlif orden və medallarla təltif olunub.
