Əfqan Abdurahmanov 25 may 1976-cı ildə Bakı şəhərində, Agasəf Əlibəy oğlu Abdurahmanovun ailəsində dünyaya göz açıb.
1982-1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta mətəbdə təhsil alıb. 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduğdan sonra, 1997-2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2001-2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.
Qulluq etdiyi müddətdə Türkiyə, Çexiya və Çində Müdafiə Nazirliyinin sərəncamı ilə müxtəlif kurslara, hərbi təlimlərə qatılıb.
Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərin iştirakçısı olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb.
Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əfqan Abdurahmanov "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanov barədə bu linkdən daha ətraflı tanış ola bilərsiniz.
