Qorxu nədir bilməyən Azərbaycan zabiti

Bu vətən, torpağın qara bağrında
Sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca onun uğrunda
kəndini tarixə verənlərindir.


Qəbələ rayonunda Əmirvan adlı bir kənd var. O 7 şəhidimin, 7 qəhrəmanımın kəndidir. Bu kənd Birinci Qarabağ müharibəsində 3, İkinci Qarabağ müharibəsində isə 4 şəhid verib. Bu gün şəhidlərdən 6-sı Əmirvan kəndində dəfn olunub, bir şəhidimiz isə Kəlbəcərdə, Qılınclı kəndi yaxınlığındakı təpəlik ərazidə cənnətə qovuşub. Onları vətən, torpaq, bayraq sevdası birləşdirirdi.

Tərəddüd etmədən məqsədin arxasınca getdi

Bu gün polkovnik-leytenant Əfqan Abdurahmanovun qəhrəmanlıqla dolu həyat yolundan danışacağıq. Əfqan Abdurahmanov 1976-cı ildə Bakı şəhərində, əmirvanlı Agasəf Əlibəy oğlu Abdurahmanovun ailəsində dünyaya göz açıb. Qarabağ münaqişəsi başlayanda Əfqanın 12 yaşı vardı. Həmin vaxt çox qarışıq dövr idi. Ermənilər tərəfindən azərbaycanlılara qarşı təxribat xarakterli qırğınlar törədilirdi. Bu hadisələr onun yaddaşında dərin iz buraxdı. Əfqan Dağlıq Qarabağın düşmən tərəfindən işğal edilməsi ilə heç cür barışa bilmirdi. Bu səbəbdən hərbiçi olmaq və gələcəkdə erməni işğalı altında olan torpaqlarımızın azad olunmasında iştirak etməyi qarşısına məqsəd qoydu.

Tərəddüd etmədən bu məqsədin arxasınca getdi. 1997-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. İmtahanlardan uğurla çıxan Əfqan Abdurahmanov hərbi təhsil aldığı dövrdə nizam-intizamı ilə seçilir, ixtisasını incəliklərinədək öyrənirdi.

O, 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun oldu və bir il müddətində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) praktikada oldu. Burada Əfqanın hərbi kadr kimi daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşdı, daha doğrusu zabit kimi peşakarlıq səviyyəsini yüksəltdi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələndi. Artıq bir il sonra (2002-ci ilin iyul ayı) Əfqan Abdurahmanov Gəncə şəhəri N-saylı hərbi hissədə xidmətə başladı.

“Onlar da mənim balalarımdır”

Xidmət etdiyi müddətdə tabeçiliyində olan hərbiçilərin qayğısına qaldı,  köməkliyini əsirgəmədi, hər cür dəstək oldu. Həyat yoldaşı Abdurahmanova Rəqinə Rafiq qızı deyir: O, hərbi ximətə başladığı ilk gündən, şəhid olduğu günədək ön cəbhədə oldu. Bir dəfə də olsa narazılığını eşitmədim. Tabeçiliyində olan hərbi qulluqçulara qayğıkeş qardaş, ata kimi yanaşdı, imkanı daxilində köməkliyini də əsirgəmədi.

Məzuniyyətdə oldugu müddətdə belə isindən ayrılmazdı. Həmişə zənglər gəlirdi, heç bir zəngi cavabsız qoymazdı. Əsgərlərinə çox diqqət edərdi.
Bəzən narazılıq bildirər, xahiş edərdim:
– Dincəl bir az, heç olmasa məzuniyyətdə olanda telefonu söndur.
Sakitcə gülərdi:
–Onlar da mənim balalarımdır–deyərdi.

“Siz düşmən üzərində qələbə çalıb xidməti başa vurmağın nə olduğunu bilirsizmi?”

 Rəqinə xanım sözlərinə davam edir:
– Əfqan həyatının çox hissəsini hərbidə kecirməsinə baxmayaraq səyahət etməyi, yeni yerləri görməyi çox sevərdi. Evdə oturmağı sevməzdi, gəzməkdən zövq alardı. Qohumlar, dostlar Əfqanın məzuniyyətə çıxdığını eşidən kimi zəng edər, görüşmək istədiklərini bildirərdilər. Bu, Əfqanın qohumcanlığından, dostcanlığından irəli gəlirdi, onlarla daima hal-əhval tutardı. Məzuniyyət günlərinin çox hissəsini də onlarla bir yerdə keçirərdi.

Qulluq etdiyi müddətdə Türkiyə, Çexiya və Çində Müdafiə Nazirliyinin sərəncamı ilə müxtəlif kurslara, hərbi təlimlərə qatıldı. Çindən qayıtdıqdan sonra həmişə bizə deyərdi:

– Pensiya çıxandan sonra sizi mütləq ora aparacağam, görməli yerləri var -  Böyük Cin səddi. Səma məbədi, Qadağan olmuş şəhər, qəribə yeməklər…

Biz Əfqanın pensiyaya cıxıb bizimlə yasamasını istəyirdik. 26 ildir hərbi xidmətdə idi, xidməti dövründə dəfələrlə yüksək döyüş  hazırlığına, nizam-intizama və qüsursuz xidmətinə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla, Prezident İlham Əliyev tərəfindən “Qüsürsuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medalla təltif edilmişdi.

Mən ömrümüzün sonunadək səs-küydən uzaq, sakit bir həyat yaşamağı arzulayırdım, amma arzum həyata keçmədi. Çünki onun ürəyində qələbə arzusu vardı. Torpaqlarımızın düşmən tərəfindən işğal edilməsi ilə heç cür barışa bilmirdi, özünü təhqir olunmuş sayırdı, intiqam almaq üçün yaşayırdı. Onda böyük ruh yüksəkliyi, qələbə əzmi vardı.

Deyərdi:
– Siz düşmən üzərində qələbə çalıb xidməti başa vurmağın nə olduğunu bilirsizmi?

Əfqan övladları ilə vaxt keçirməyi də sevərdi. Həm oğluna, həm də qızına vaxt ayırar, onlarla həmyaşıd kimi söhbət edər, məsləhətlər verər, vətənpərvər kimi böyüdərdi.

Murad Mirzəyev onun yaxın dostu idi, həmyaşıd idilər

Aprel döyüşlərində ön cəbhəsində olanladan biri də Əfqan Abdurahmanov idi. Bu döyüşlər Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madagiz kəndi istiqamətində yollar düşməndən azad olundu.

Rəqinə xanım o günləri  xatırlarkən bir an fikrə dalır, sonra deyir: Aprel döyüşlərində Əfqan Goranboy rayonunun Baranbat mesəsi adlanan ərazilrdə xidmət edirdi. Döyüşlər zamanı qəhrəmancasına şəhid olmus polkovnik-leytenant Murad Mirzəyev onun yaxın dostu idi, həmyaşıd idilər, söz-söhbətləri tutardı. Onun ölümü Əfqanı sarsıtdı, Bakıda olanda həmişə II Fəxri Xiyabanda dəfn olunmuş dostunu ziyarət etməyi özünə borc bilərdi. Ziyarətə övladlarını da özü ilə aparar, dostunun rəhbərlik etdiyi hərbçiləri ilə birlikdə çoxsayda düşməni məhv etdiyindən, tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşduğundan, qəhrəmancasına şəhid olduğundan danışardı.

Qeyd edim ki, Murad Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polad şəhid olub, mən istirahət edə bilmərəm

Reqinə xanım həyat yoldaşının ikinci sarsıntını bu ilin iyul ayında yaşadığını bildirdi: Polad Həşimovun şəhid olması xəbəri ona çox təsir etmişdi. Evə gəlib rəngi - ruhu agarmıs halda Poladin adını təkrarlayırdı. Məzuniyyətə 3 gündür çıxmışdı, bu xəbərdən sonra evdə qala bilmədi, mənim israrla daha bir neçə gün qalmasını xahiş etməyimə baxmayaraq, səhəri gün xidmət etdiyi hərbi hissəyə qayıtdı.

– Polad şəhid olub, mən istirahət edə bilmərəm-deyirdi.

Qorxu nədir bilməyən dağların igidləri

Bu hadisədən 2 ay sonra Azərbaycan ordusunun əks-hücum əməliyyatı başladı. Ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam etdi. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə sarsıdıcı zərbələr edirildi, geri çəkilməyə məcbur edildi. İlk günlərdə işğaldan azad edilən ərazilərimizdən biri də Murov dağı silsiləsindəki zirvələrdən biri idi. Zirvənin azad olunmasına Əfqan Abdurahmanov rəhbərlik etdi. Döyüş zabitinin rəhbərliyi ilə əməliyyat keçirilən zaman hərbiçilərimiz qalın sis-dümana düşür. Duman o qədər sıx olur ki, bir addım irəlini görmək olmur. Ərazi qayalı, yarğanlı bir yer olduğundan adi bir səhv addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması demək idi.

Əfqan Abdurahmanov tabeçiliyində olan əsgərlərinə cavabdeh olduğunu çox yaxşı başa düşürdü. Onları bu çətin vəziyyətdən çıxarmalı və döyüş tapşırığını yerinə yetirməli idi. O əsgərlərinə deyir:

– Sıraya düzülün, öndə mən gedəcəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin.

Onun ən çətin an düzgün qərar çıxarmaq peşəkarlığı, relyefi düzgün qiymətləndirməsi sayəsində hərbiçilərimiz heç bir itki vermədən sağ-salamat döyüş mövqeyinə çıxır və Murovdağ zirvələrindən birinin düşməndən azad edilməsində qəhrəmanlıq göstərir, zirvəyə Azərbaycan bayrağını sancır.

Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artileriya vasitələrinin atəş nöqtələri nəzarətə götürüldü. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verdi.

Əməliyyatın uğurlu keçməsində Əfqan Abdurəhmanov və onun döyüşçülərinin böyük rolu oldu. Zirvəyə bayraq sancan Əfqan Abdurəhmanov həyatının ən xoşbəxt gününü yaşadı.

Zirvədən cənubda isə Kəlbəcər rayonu yerləşirdi. Əfqanın gözünün qarşısında çox gözəl mənzərə canlanırdı: Ard-arda düzülmüş dağlar, yuxarı meyillənmiş təpələr, duman çökmüş vadilər. Sanki Azərbaycan əsgərinə səslənirdi: Yolunuzu gözləyirik, düşmən tapdağından azad edin bizi!

Daha sonra Suqovusana kimi olan kəndlər azad edildi. Suqovuşan kəndinin azad edilməsindən öncə Əfqan Abdurahmanovun dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşdı. Ac-susuz qalan hərbiçilərimiz hər cür çətinliyə dözdü, yarpaqların üstündəki şehləri toplayaraq içdilər, amma ruhdan düşmədilər. Çünki onların Əfqan kimi peşəkar komandiri vardı, ona inanırdılar. Hərbiçilərimiz bu çətinliyin də öhtəsindən gəldilər.

"Mən də orada idim"

Qarşıda isə Suqovuşanın düşmən işğalından azad edilməsi kimi çox mühüm əməliyyat dururdu. Çünki Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti vardı. O Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verirdi. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün ordumuza böyük üstünlük yaradırdı. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.

Bu səbəblərdən də yaşayış məntəqəsinin azad edilməsi ordumuzun qarşısında duran ən mühüm vəzivələrdən biri idi. İlk əvvəl Suqovuşanın ətrafındakı yüksəkliklər, postlar düşməndən təmizləndi. Düşməndən təmizlənən postlardan biri də, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu post idi.

Rəqinə xanım deyir: Əfqan Mubariz Ibrahimovun şəhid oldugu postu azad etmisdir. Biz həmin postun düşməndən azad edilməsini televizorda görmüşdük. Hərbi posta Azərbaycan əsgərləri bayraq sançırdı. Ürəyimə damdı ki, Əfqan da oradadır, başqa cür də ola bilməzdi, həmişə döyüşdə öndə getməyi, əsgərlərinə nümunə olmağa çalışardı, bu onun xarakterində vardı. Özümdən aslı olmayaraq məndə ruh yüksəkliyi, sevinc hissi yarandı. Qarışıq bir hiss idi, bu günə kimi belə bir şey yaşamamışdım. Tez telefonu götürüb nömrəni yığdım, zəngə bir az gec cavab verdi. Həyəcandan az qala ürəyim yerindən çıxacaqdı. Xəttin o biri tərəfində onun səsini eşidən kimi sakitləşdim.

– Əsgərlərimiz Mubariz Ibrahimovun şəhid oldugu posta Azərbaycan bayrağı sancdılar, sən də orada idinmi?
– Cüldü və verdiyi cavabı, səsinin tonunu bu gün də xatırlayıram.
Mən də orada idim.

Fəxr etdim Əfqanımla, igidimlə! Bunu onu yaşayanlar bilər.
Döyüşlər isə davam edirdi. Düşmənin Suqovuşan istiqamətində ağır məğlubiyyətə uğradılmasında, tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilməsində Əfqan Aburəhmanov və tabeçiliyində olan əsgərləri də yaxından iştirak etdi. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edildi. Düşmən Suqovuşanı itirilməsi ilə heç cür barışa bilmirdi, strateji cəhətdən önəmi olan yaşayış məntəqəsini geri almaq məqsədilə bir neçə dəfə əks-hücuma keçdi, lakin ordumuz tərəfindən hücumun qarşısı alındı, düşmən çoxsayda canlı qüvvə və texnika itirərək geri çəkilməli oldu.

Qarşıda isə Ağdərə vardı, ordumuzun yolunu gözləyirdi.

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün

Oktyabrın 9-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Moskvada görüş keçirdilər, görüşün nəticəsində tərəflər arasında atəşkəs barədə razılığa gəlindi. Razılığa əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi nəzərdə tutuldu. Amma tərəflər arasında humanitar atəşkəs uzun sürmədi. Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozaraq ağır artileriya vasitləri ilə yaşayış məntəqələrimizi, döyüş mövqeylərimizi atəşə tutdu. Bununla da düşmən tərəfi öz mənfur sifətini dünyaya bir daha nümayiş etdirdi. Düşmən əclaflığının qurbanlarından biri də qəhrəman zabitimiz, Murov dağına bayrağımızı sancan, Suqovşanı düşməndən azad edən polkovnik-leytenant Əfqan Abdurahmanov idi. Oktyabrın 10-da Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbiçilərimiz Ağdərə ətrafında yerləşən yüksəkliklərdən birinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirirdi. Artıq ağır döyüşlər gedir, düşmən xeyli sayda canlı qüvvəsini itirmişdi. Polkovnik-leytenanta bildirilir ki, 20 dəqiqədən sonra humanitar atəşkəs qüvvəyə minir, hücum əməliyyatı dayandırılsın. Əfqan Abdurahmanov əmrə tabe olur və hücumu dayandırır və zarafatla:

– Bu yüksəkliyi almaq üçün imkanımız vardı. Ağdərə istiqamətində  irəliləmək üçün böyük imkan yaradardı, qaldı növbəti dəfəyə, tez-gec torpaqlarımızı azad edəcəyik.
Düşmən üçün isə atəşkəs bir bəhanə, xəbis niyyətini həyata keçirmək məqsədilə yaranmış imkan idi. Dəfələrlə olduğu kimi bu dəfə də mövqelərimiz atəşə tutuldu. Hərbiçilərimizin olduğu ərazi iki istiqamətdən atəşə tutuldu, tankın partlaması nəticəsində yaranan partlayış dalğası Əfqan Abdurəhmanovu kənara atdı. Alnı yaxınlıqdakı qayaya dəyməsi nəticəsində şəhadətinə qovuşdu. Döyüş zabiti, qələbə arzusu ilə yaşayan, həmyerlisi Polad Həşimovun intiqamını alacağına söz verən Əfqan Abdurəhmanov qəhrəmancasına həlak oldu. Vətən sevdalı, ölümün gözünə dik baxan, döyüş meydanında qəhrəmanlıqlar göstərən igid zabitin Kəlbəcərin, Şuşanın, Laçının azad edilməsində iştirak etmək arzusunu döyüş dostları həyata keçirməli oldu.

Bu gün onu tanıyanlar zabiti xoş xatirələrlə yad edirlər.
Xəzər Osman yazır: Komandirim olub. O vaxt hələ baş leytenant idi. İgid, mərd və əsl hərbiçi idi. Əsgərləri arasında böyük hörməti vardı, onların hər birinə xarakterinə uyğun yanaşar, məsləhətlərini verər, lazım gələndə köməklik də göstərərdi.
Onun şəhadətini eşidib çox kədərləndim. Yerin cənnətlik olsun komandir. Bu vətəni göz bəbəyimiz kimi qorumalıyıq, Gör necə oğullar baş qoyub bu torpaqlara .

Mustafayev Zamin: Mən Əfqanla bir yerdə xidmət etmişəm. savadlı, güclü kadr idi. Məkanı cənnət olsun.

Tofiq Şahmuradov: Əfqan şəhid olanda orada idim, yaralıları çıxarmağa girmişdik. Əfqangil 951 saylı yüksəkliyi almaq üçün döyüşə girmişdilər. Onları sol tərəfdən tank vurmuşdu. Partlayış dalğasından şəhid olmuşdu.

Başımızı dik tuta bilirik
Anam, anam sağ olsun vətən,
Vətən olurmu bu dağdan, bu daşdan
Qoynunda yoxsa yatan


Əfqan Abdurəhmanovun şəhid olması xəbərini onun dostu, hərbi polisdə xidmət edən Azərə bildirirlər. O isə acı xəbəri Əfqan Abdurəhmanovun qohumlarına ürək ağrısi çatdırmaq məcbutiyyətində qalır.

Rəqinə xanım deyir: Əfqanla bir neçə saat əvvəl danışmışdım, “hər şey normaldır, narahat olma”- demişdi. Telefon zəng çalanda ev işləri ilə məşğul idim, amma az da olsa həyəcan vardı, məndə. Son vaxtlar telefon səsi eşidəndə diksinirdim, qorxurdum. Bu dəfə də eyni hissi keçirdim, özümü toparlayıb trubkanı götürdüm. Telefonun o biri başında qohumlardan biri idi, əvvəlcə hal-əhvalımı soruşdu, sonra Əfqanı soruşdu:

– Əfqandan nə xəbər var, heç danışırsan?
Səhər danışdığımı bildirdim.

– Salamları var, şükür sağ-salamatlıqdır, Ağdərə istiqamətində yüksəklikləri azad edirlər.
Hiss etdim ki, xəttin o biri tərəfində danışan şəxs çox narahatdır, nəsə demək istəyir, amma deyə bilmir. Hıçqırıqlarından hər şeyi anladım, o an nə çəkdiklərimi bir Allah bilir. Gözlərim qaraldı. Özümü toparlamağa, toxdamağa çalışdım, alınmadı, göz yaşlarım da təsəlli olmadı, kədər çökmüş ürəyimə. Əfqan kimi dayağımı itirdim…

Mənim üçün təsəlidir ki, onu hami sevirdi. Xidmət etdiyi rayonların sakinləri xəstəxananın qarşısına toplaşmışdı, göz yaşı axıdır, həlak olduğuna inanmırdılar. Bu gün də ondan danışırlar onun adını anırlar. Adı dillərindən düşmür.

Əfqan dövlətinə, torpağına bayrağına sevdalı zabit idi.  Bu gün onun kimi şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin sayəsində alnımız açıqdır, başımızı dik tuta bilirik. Artıq biz məğlub, qüruru ləkələnmiş bir millət deyilik, qalib millətik.

Əfqanın anası Nərgiz Camaləddin qızı söhbətə qoşulur: Mənim oğlum vətənini sevən zabit idi. Döyüşlərdə həmişə öndə olub, əsgərlərini qələbəyə ruhlandırıb. Bəzən mənə elə gəlir ki, yuxudayam, ayıldıqda oğlumu, Əfqanımı sağ-salamat görəcəyəm.
Mənə elə gəlir ki, qapı açılacaq, Əfqan otağa girib boynumu qucaqlayacaq və deyəcək:

– Ana necəsən, nəyə ehtiyacın var?
Qapı isə dəfələrlə açılıb-örtülüb, otağa çox sayda adamlar girib-çıxıb, amma onların arasında Əfqan olmayıb, ciyərparam olmayıb. Ondan mənə yalnız xoş xatirələr, haqqında söylənilən qəhrəmanlıq hekayələri qalıb.

Qohumu Kamal Nəsrullayev deyir: Əfqanın şəhid olduğu barədə xəbər mənim üçün gözlənilməz oldu, çünki bir neçə gün əvvəl danışmışdım. Atası Ağasəf Əlibəy oğlu Abdurahmanov və anası Nərgiz Camaləddin qızını Əmirvana mən aparmalı oldum. Valideynləri Əfqanın şəhid olduğundan xəbərsiz idi. Onlara yalan danışmalı oldum  və bildirdim ki, Ağasəf kişinin anası Əmirvanda rəhmətə gedib, hazırlaşın kəndə gedirik.

Ağasəf kimi xəstəhal idi, yaddaşı tez-tez itirdi. Şamaxinkaya çatanda maşını saxlatdı, düşüb şəhərə qayıtmaq istədi. Güc-bəla ilə onu Əmirvana getməyə razı  saldıq.
Ağasəf kişi Əmirvandakı ata evinin həyatına toplaşmış insanları görəndə həyacanlandı, oğlunun həlak olduğunu hiss etdi, maşından düşən kimi dizüstə çökdü. 

***

Əfqan Abdurəhmanov son nəfəsində həm dostu, həm də həmyerlisi olan Polad Həsimovun yaninda dəfn olmasini vəsiyyət etmisdi. Hətta onun II Fəxri Xiyabanda dəfn olunması üçün yerdə hazırlanmışdı, lakin görünür yaxın qohumlarından kiminsə xahişi ilə Əmirvan kəndində dəfn olundu.

P.S. Onun şəhadətə yuksəlməsindən bi ay sonra vətənimizə qələbə gəldi. Ordumuz döyüşlərdə zəfər qazandı, Əfqanın intiqamı alındı, arzuları reallaşdı.
Məqalənin ikinci hissəsində zabit dostlarının xatirələri yer alacaq.

(davamı var)

Pünhan Əfəndiyev

Tarix
30 Noyabr 2020 [15:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-30 15:23:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin