"Gürcüstana gələn məmurlar və deputatlar ancaq Tbilisi və Marnueliyə gedirlər"

16:06 - 1 Fevral 2019 - Xəbər

Ekspert Gürcüstana gedən məmurları və deputatları sərt tənqid etdi

“Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti, məmurlar, deputatlar ancaq Tbilisi və Marnueliyə gedirlər. Onlar azərbaycanlıların sıx yaşadığı Dmanisi, Bolnisi, Qaraçöp, Loqadixiyə niyə getmirlər?”. Bu barədə Gürcüstan azərbaycanlılarının problemləri mövzusunda keçirilən mətbuat konfransında qafqazşünas Kamran Ramazanlı bildirib.

O, iddia edib ki, Azərbaycanın Təhsil Nazirliyinin Gürcüstanda olan məktəblərə göndərdiyi dərs vəsaitləri Marnueli bazarında satılır: “Dmanisi, Bolnisi, Qaraçöp, Loqadexi olan Azərbaycan məktəblərinə göndərilən dərs vəsaitləri həmin rayonların məktəbinə verilmir, bazarda satılır. Məmurlar, deputatlar Gürcüstana gedəndə işlərini Tbilisi və Marnueliyə səfər etməklə yekunlaşdırmasınlar. Azərbaycanlıların yaşadığı digər bölgələrə də gedib, onların problemi ilə maraqlansınılar”.

O, qeyd edib ki, Azərbaycan rəsmilərinin, Gürcüstanda və Azərbaycanda yaşayan azərbaycanlı ziyalıların passivliyi ucbatından vəziyyət gərginləşib:
“Gürcüstanın rəsmi rəqəmlərinə görə Gürcüstan vətəndaşı olan 500 min yerli azərbaycanlı var. Gürcüstan rəhbərliyinin rəsmi Bakının və ziyalıların soyuq münasibəti nəticəsində azərbaycanlılara münasibət pisləşir. Öncə rayonların, kəndlərin adını dəyişdilər, məktəbləri bağladılar. İndi də dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun adı Marnueli rayonu Mədəniyyət Evindən götürülüb, bu gün isə həmin yerin qarşısındakı heykəli götürmək istəyirlər”.

Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlandı.


Xəbər xətti