Bakıda sevdiyi qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsin 19 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra zərərçəkənin hüquqi varisi olan mərhumun anası təqsirləndirilənə ömürlük cəza tələb edib.
Zəfər Mərdanov son sözündə çıxış edərək psixi problemləri olduğunu, Səkinə Hümmətovanı hamıdan çox sevdiyini dilə gətirib. İstintaq həmçinin aydın edib ki, cinayətin səbəbi Hümbətovanın Mərdanova ərə getməkdən imtina etməsidir. Hümbətovanın azyaşlı övladı qalıb.
Hakimlər kollegiyasının hökmünə əsasən Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri də müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub. Z. Şiriyeva da əməliyyatçılar tərəfindən saxlanılıb. Məlum olub ki, o cinayətin şahididir, hadisə baş verən anda maşında olub. Onun barəsində AR CM-nin 307 (cinayəti bilib gizlətmə) maddəsi ilə cinayət işi açılıb.olke.az