“Ailə quran şəxslər arasında normal yaş fərqi 3-7 ildir”

20:05 - 30 Yanvar 2019 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “Ailənin möhkəmliyi üçün ən vacib faktorlardan biri ümumi maraqların olmasıdır”
Fərqanə Mehmanqızı: “Əgər insan qarşı tərəfə hörmət edirsə, yaş fərqinin  heç bir önəmi yoxdur”
Lalə Mehralı: “Əslində tərəflərdən birinin yaşının çox olması. ailənin uzunömürlü olmasına kömək edir”


“Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana.
Çörəyi yemərəm mən yabana,
Yaxşı demərəm mən yamana.
Qurban edərəm mən Canana:
Malımı, pulumu, canımı mən”.


Bu ifadəni hər birimiz xatırlayırıq. Bu fikirlər məşhur “Arşın mal alan” filmindəndir. Bu filmdə ata gənc, gözəl-göyçək qızını var-dövlətinə görə yaşlı bir kişi ilə - Məşədi İbadla evləndirmək istəyir. İndiki dövrdə də ailə həyatı quran şəxslər arasında yaş fərqi müzakirələrə səbəb olur. Bəs ailə həyatı quran oğlanla qız arasında yaş fərqi neçə yaş olmalıdır? Bu standart bir rəqəmdirmi, yoxsa fərdi xarakter daşıyır?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bioloji və fizioloji olaraq oğlanlarla qızlar arasında fərqlər var. Amma gənclik təkcə bioloji amil kimi sayılmır: “İndiki vaxtda onun həm də sosial tərəfləri də var. Hər bir insanda gənclik dövrü o vaxta qədər davam edir ki, o, bir şəxsiyyət kimi formalaşa bilsin. Misal üçün, adi dağ kəndində əməklə məşğul olan gənclərin formalaşması daha tez baş verir. Kənd yeridir, hər şey sadə bir haldadır. Artıq 20-21 yaşında baxırsan ki, həmin oğlan uşağı yetkinləşib, həyat tərzini yaxşı bilir, ailə haqqında təsəvvürləri genişdir. Şəhərdə mürəkkəb bir mühitdə böyüyən oğlan uşağının 20-21 yaşı olmasına baxmayaraq, o, hər şeyə uşaq kimi baxır. Çünki cəmiyyət mürəkkəbdir, hər şeyi tam mənimsəyə bilmir. Ailənin nə demək olduğunu tam anlamır. Əgər kənddəki gənc artıq özünə bir ev tikib, təsərrüfatın qurubsa, şəhərdəki gənc hələ bu sahədə ilk addımlarını atır. Gördüyünüz kimi yaşadığı mühitdən asılı olaraq insanın şəxsiyyət kimi formalaşmasında proseslər tamamilə fərqli gedir. Ona görə də bunu konkret olaraq yaş həddinə ayırmaq düzgün deyil, buna fərdi yanaşmaq lazımdır”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, əsas meyar ilk növbədə ailə institutunun mahiyyətinin dərk edilməsidir. İndiki dövrdə ailə deyəndə nələri və hansı münasibətlərin nəzərdə tutulduğu müəyyən olunmalıdır: “Ona görə də çalışmaq lazımdır ki, ailə qurularkən həm qızın,  həm də oğlanın ailə haqqında təsəvvürləri formalaşmış olsun. İndiki cəmiyyətdə, Bakı şəhərində yaşayan oğlanlarımızın ailə haqqında təsəvvürlərinin formalaşması əsasən 30 yaşdan yuxarıdır. Qızların  bu təsəvvürləri müəyyən qədər erkən baş verir. Çünki qızlar ailədə çox olurlar, qohumda görürlər, ailə ilə bağlı misalları eşidirlər. Təkcə fizioloji və bioloji cəhətdən deyil, eyni zamanda sosial mühit də buna təsir edir. Ona görə də, bəzən eyni yaşlı oğlanla qız evlənəndə sonra çoxlu problemlər ortaya çıxır. Düzdür, burda istisna hallar da çoxdur. Özündən kiçik olan oğlanla da ailə həyatı quran qız xoşbəxt ola bilər. Bunlar istisnalardır”.

Sosioloq bildirir ki, orta statistik normalara görə, oğlanlarda qanın təzələnməsi 4 ildən bir, qızlarınkı isə 3 ildən bir baş verir: “Bu müqayisə ilə davam etsək, oğlanlarda 4x7=28 qızlarda isə 3x7=21 olur. Yəni arada 7 yaşa qədər fərq normal sayılır. Ona görə də hesab edirəm ki, ailə qurduqda oğlanla qız arasındakı yaş fərqi 3-7 yaş aralığı sayıla bilər. Onların xarakterindəki yaxınlıq da eyni olmalıdır. Çox böyük fərq olanda ortaya bir sıra problemlər çıxır. Daha yaşlı oğlanların həyat haqqında düşüncələri fərqli olur. Ailənin möhkəmliyi üçün ən vacib faktorlardan biri ümumi maraqların olmasıdır. Yaş fərqi çox olanda ümumi maraqlar az olur”.

Psixoloq Fərqanə Mehmanqızı bu sahədə apardığı müşahidələrə əsasən bildirir ki, yaş fərqi oğlan-qız münasibətlərində böyük rola malikdir. Psixoloq bildirir ki, hər bir yaşın həyata baxış tərzi, müəyyən bir enerjisi, “dəliliyi” var. İnsan o yaşı keçdikdən sonra, həmin yaşda olan insanı anlaya bilir: “Misal üçün, kişi yaşca böyük olduqda, həyat yoldaşının çılğınlığını, həyata baxışını anlayacaq. Burda yenə bir amma var. Çox adam deyir ki, kişinin yaşı qadına nisbətən çox olduqda, kişi yaşadığını yaşamış olur, həyatdan sönür. Qadının isə yaşamaq həvəsi olur, daha əyləncəli həyat istəyir. Belə olan halda həmin kişi qadını anlamır və aralarında konflikt yaranır. Bu, əslində qarşılıqlı hörmətə və insan xarakterinə bağlıdır. Əgər evlənənlər arasında yaş fərqi varsa, bu qadının kişiyə hörmətinə gətirib çıxarırsa, düşünürsə ki, məndən daha ağıllıdır, həyata baxışı daha yaxşıdır, məndən çox bilir-ailədə yaş fərqi problem olmaz,. Kişi də düşünər ki, mən də cavan vaxtı belə düşünürdüm, belə olmuşam və s.

Hər bir yaşın özünün xarakteri var, bunu nəzərə almaq lazımdır. 20 yaşlı gənclə 30 yaşlı gəncin dünya görüşündə fərqlər var. F.Mehmanqızı qeyd edir ki, qadının kişidən böyük olması məsələsinə müxtəlif baxışlar var. Psixoloq düşünür ki, əslində qadının kişidən böyük olmasının heç bir əhəmiyyəti yoxdur: “Əsas olan xarakterinin uyğunluğu və bir-birilərinin yanında ruhi rahatlıq tapmalarıdır. Əgər insanın xarakterində problem yoxdursa, yaş fərqi böyük problemlərə gətirib çıxarmır. Statistika onu göstərir ki, ən aşağı yaş fərqi üç yaş olmalıdır. Əgər insan qarşı tərəfə hörmət edirsə, ruhu onun ruhunu oxşayırsa, yaş fərqinin  heç bir önəmi yoxdur”.

Jurnalist-sosioloq Lalə Mehralı isə bildirir ki, bu məsələ ümumilikdə müzakirəyə ehtiyacı olan bir məsələdir və uzun müddətdir ki, müzakirə olunur: “Oğlanla qız arasında ən azı 3-4 yaş fərqin olması, hadisələr baxış bucağının fərqli olması baxımından çox fərq edir. Qadının, yaxud kişinin yaşca böyük olması şərt deyil. Fikrimcə, əgər insanların sözləri bir-birinə uyğun gəlirsə, “bu insanla yaşlana biləcəyəm”- deyə düşünürsə, yaş fərqi çox əhəmiyyət kəsb etmir. Burda söhbət çox yaşdan deyil, maksimum 10 yaşa qədər olan fərqdən söhbət gedir”.
L.Mehralı bildirir ki, əslində tərəflərdən birinin yaşının çox olması həmin ailənin uzunömürlü olmasına kömək edir: “Çünki hər iki tərəfin yaşı eyni olarsa, onların baxış bucaqları da, həyatda qazandıqları, gördükləri təcrübə də eyni nisbətdədir. Əgər kişi qadından bir qədər böyükdürsə, onun təcrübəsi daha çoxdur, hadisələri analiz etmə qabiliyyəti, həyat təcrübəsi nisbətən çox olduğuna görə öncədən sabahı görə bilir. Yaş fərqinin ailənin daha möhkəm və uzunömürlü olmasına təsiri var. Misal üçün, bu gün hər hansı bir məsələdə həll yolu olaraq bir şeyi düşünürəmsə, yoldaşım məndən 5-6 yaş böyükdürsə, o bunun daha fərqli həll yollarını görür. Məsləhət edir ki, daha orijinal və sərfəli həll yolu budur. Sabahı gün görürəm ki, onun dediyi həll yolu həqiqətən də daha sərfəlidir. Çünki o məndən daha təcrübəlidir. Mənim bu gün gördüklərimi o artıq dünən görmüş olur. Ona görə də evliliklərdə yaş fərqinin olması məsləhətlidir. Amma bəzən bu yaş fərqi  çox olur, öz həyat yoldaşından 20-25 yaş böyük olan kişilər, yaxud qadınlar var. Mənə görə bu qədər yaş fərqi normal deyil. Artıq onlar fərqli nəsillərin nümayəndələridirlər. Onların yaşadığı dövr, gördüyü mühit olduqca fərqlənir. Ona görə də, bu fərq ailədə müəyyən narazılıqların yaranmasına səbəv ola, müxtəlif problemlərin yaranmasına səbəb ola  bilər. Çünki alışqanlıqlardan əl çəkmək o qədər də asan məsələ deyil. Məsələn, gənc olan daha çılğın, daha əyləncəli, daha dinamik olursa, yaşlı olan nisbətən daha hüzurlu, sakit həyat arzulayır. Bu da ailədə uyğunsuzluq yaradır. Bu baxımdan çox yaş fərqlərinə o qədər də ehtiyac yoxdur”.

Könül Oruc

Xəbər xətti