İllarion Vorontsov-Daşkov açıq şəkildə ermənilərin mövqeyini müdafiə edirdi

11:47 - 30 Yanvar 2019 - Cəmiyyət

(əvvəli http://ucnoqta.az/news/74223)

Onun arvadı Liza Qriqoryevna milliyyətcə erməni idi və qraf qısa müddətdə zəngin erməni burjuaziyası və neft sənayeçiləri dairəsində geniş əlaqələr yaratdı 

Erməni terroru yalnız Qafqazla məhdudlaşmadı, bütün Rusiyanı bürüdü, yüksəkrütbəli rus zabitləri, nazirləri, dövlət məmurları həlak oldular. Onların törətdikləri dəhşətlər çar hakimiyyətini vahiməyə saldı. Bu hadisələrdən dəhşətə gələn Qafqaz canişini Qriqori Qolitsın yazırdı: “Məndən olsa, Qafqazda cəmi bir kişi və bir qadın olmaqla iki erməni saxlardım. Onlardan müqəvva düzəldib Qafqaz muzeyinə qoyardım ki, gələcək nəsillər vaxtilə Qafqazda yaşayan ermənilərin necə xalq olduğunu bilsinlər”.

Terrorun qurbanlarından biri də Qafqaz general-qubernatoru, knyaz Qriqori Qolitsının özü oldu. 14 oktyabr 1903-cü ildə hnçaklar ona qarşı sui-qəsd təşkil etdilər. Nəticədə general-qubernator ağır yaralandı və 1904-cü ilin sonlarında çar Qolitsınıni Peterburqa geri çağırmağa məcbur oldu.
Belə bir vaxtda Rusiyanı inqilab dalğası bürüdü. 1905-ci ildə baş verən iğtişaşlar çarizmə qarşı narazılıq dalğasını gücləndirdi. Zaqafqaziyada Rusiyanın hakim şovinist dairələri zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman kampaniyasını qızışdırdılar. Bu işdə qraf İllarion İvanoviç Vorontsov-Daşkovun böyük rolu oldu. 1905-ci ilin fevralında qraf İllarion İvanoviç Vorontsov-Daşkov Qafqaza canişin təyin edildi. Bu, erməniləri daha da həvəsləndirdi. Onun arvadı Liza Qriqoryevna milliyyətcə erməni idi və qraf qısa müddətdə zəngin erməni burjuaziyası və neft sənayeçiləri dairəsində geniş əlaqələr yaratdı. Onun köməyi ilə bütün Tiflisdə əsas vəzifələr erməni fırıldaqçılarının əlinə keçdi. Bu təyinatdan sonra ermənilərin fəallığı xeyli artdı. Bu onunla bağlı idi ki, Vorontsov-Daşkov açıq şəkildə ermənilərin mövqeyini müdafiə edirdi. O, Rusiya çarına yazdığı bir raportda ermənilərin Rusiyadan ayrılmaq istəmədiyini, lakin əksinə, Osmanlı ərazisində yaşayan ermənilərin Rusiyaya bağlı olduğunu bildirirdi.

Vorontsov-Daşkov dönə-dönə Rusiya hökumətinin və Cənubi Qafqazda erməni icmasının mənafe ümumiliyini qeyd edir, etiqad qardaşlarının–xristianların “vəhşi türklərdən” müdafiəsinin zəruriliyinə diqqət yetirir, yeni Rusiya-Osmanlı müharibəsində ermənilərin Rusiya ordusuna hansı köməyi göstərəcəyini vurğulayırdı. Eyni zamanda Vorontsov-Daşkov belə hesab edirdi ki, Cənubi Qafqazın erməni əhalisi ilə hökumət arasında baş vermiş münaqişələrin günahkarı rus məmurlarıdır, ilk növbədə, Qafqazın sabiq canişini knyaz Lobanov-Rostovskidir. O, XIX əsrin 90-cı illərində Osmanlı Ermənistanında erməni çıxışları zamanı Rusiyanın Türkiyə ilə müharibəyə girməsinə imkan verməmişdi.

Vorontsov-Daşkov raportda yazırdı: "İnqilab alovuna bürünmüş bu ucqar diyarı sakitləşdirmək məqsədi ilə məni Qafqaz sərdarı təyin etməklə Siz Əlahəzrət üçün, mənim təsəvvürlərimə görə, Rusiya erməniləri arasında narazılıq yaradan bütün tədbirləri ləğv etmək münasib və doğru olardı. Yalnız Siz Əlahəzrətin mənə bu yüksək monarx etimadı mənim ermənilərə münasibətdə siyasətimi pisləyən bir çox dövlət xadimlərinin düşüncələrinin əksinə olaraq mənə onu dönmədən həyata keçirməyə qüvvə bəxş edirdi. Lakin indi, Əlahəzrət, mən bütün təbəələr adından sizə məruzə etməkdə xoşbəxtəm ki, Siz Əlahəzrət indi təkcə Rusiya ermənilərinin şəxsində sadiq təbəələrə malik olmaqla qalmayıb, həm də yalnız Rusiyadan və onun ali rəhbərindən onların həyatlarının, şərəflərinin və əmlaklarının kürdlərin ardı-arası kəsilməyən vəhşiliklərindən həqiqi müdafiəsini görə biləcəklərini dərindən dərk edən Osmanlı ermənilərinin də nəzərlərini özünüzə cəlb edirsiniz".

Vorontsov-Daşkovun səyləri nəticəsində ermənilər çar hökumətinə qarşı loyal münasibət sərgiləyirdilər. Əsas məqsəd Osmanlı dövləti ilə müharibə başlayacağı təqdirdə çar hökumətinə hərtərəfli dəstək göstəriləcəyinı açıq şəkildə bəyan etmək idi. Nəticədə Tiflisdə “Daşnaksütyun”un fəalı doktor Zavriyevlə Vorontsov-Daşkov arasında intensiv danışıqlar başlandı. Bu danışıqlarda yepiskop Mesrop, Samson Arutyunov və A.Xatisov iştirak edirdilər. 

Daşnaklar müharibə başlayarsa bütün qüvvələrini Qafqaz ordusunun sərəncamına verməyi öz öhdələrinə götürdülər. Öz növbəsində, Vorontsov-Daşkov ermənilərlə Şərqi Anadolunun, Kilikiyanın vilayətlərindən ibarət muxtar Ermənistan yaradılacağını vəd etdi. Tiflis danışıqları daha sonra Peterburqda davam etdirildi. Burada ilkin sazişlər işlənib hazırlandı. Bu sazişlər özündə prinsip etibarı ilə iki əsas məsələni əks etdirirdi: Osmanlı əraziləri hesabına yaradılacaq muxtar Ermənistan; Osmanlı dövlətinə qarşı müharibə zamanı erməni terrorçu dəstələrinin rus ordusu ilə müttəfiq vuruşması.

Bu dövr barədə Qafqaz canişini Vorontsov-Daşkovun mühafizə komandiri olmuş zabit N.A.Biqayevin qələmə aldığı “Qafqazın sonuncu canişini” kitabında maraqlı faktlar var. O qeyd edirdi ki, Qafqazda erməniləri sevmirdilər. Onlara qarşı belə münasibətə baxmayaraq Vorontsov-Daşkovun ailəsində onlara qarşı mehriban, isti münasibət göstərilirdi. Ermənilər onların simasında özlərinə arxa tapmışdılar. Təsadüfi deyil ki, vaxtilə Qolitsın tərəfindən ermənilərin namərd məqsədlərinin həyata keçirilməsi üçün kilsələrdən, məktəblərdən gələn böyük məbləğdə pullar müsadirə edilsə də, Vorontsov-Daşkov əksinə, həmin vəsaiti ermənilərə qaytardı. Belə nəticəyə gəlmək olar ki, ermənilərin maraqları ilə Daşkov kimilərin maraqları üst-üstə düşürdü”.
Belə mövqe Rusiya üçün gərəkli idi. Çar Rusiyasının əsas məqsədlərindən biri Osmanlı dövlətinin şərq vilayətlərini ələ keçirmək idi. Lakin bunun hələlik mümkün olmadığını başa düşən Rusiya ilk olaraq erməniləri dəstəkləməyi düşünürdü. Ermənilər isə getdikcə daha çox inanırdılar ki, yalnız Rusiya dövləti onların siyasi fəaliyyətlərinə dəstək verə, dövlətlərini qura bilər. Bu fikri yalnız sadə ermənilər deyil, eləcə də erməni liderləri, katolikos və digərləri əsaslı şəkildə dəstəkləyirdilər. Bir simbioz yaranmışdı.
Yəni çar Rusiyası ermənilərin köməyi ilə Osmanlı imperiyasının şərq vilayətlərini tutmaq, geosiyasi maraqlarını təmin etmək üçün onlardan bəhrələnmək, ermənilər isə onların köməyi ilə dövlətlərini yaratmaq niyyətində idilər. Əslində, Rusiya istər öz ərazisində, istərsə də işğal edəcəyi Osmanlı torpağında erməni dövlətinin yaradılmasında maraqlı deyildi. Sadəcə bu barədə acıq danışmır, niyyətini gizli saxlayırdı. Bunların fonunda çar Rusiyası ermənilərin silahlanmasını da dəstəkləyirdi. Ermənilər Qafqaz canişini Voronsov-Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən müvəkkil edilmiş şəxslər vasitəsilə silahla təmin olunurdular. Deməli, onların silahla bağlı heç bir problemləri yox idi. Daşnakların ozamankı hazırlığını təsəvvür etmək üçün bildirək ki, hələ 1892-ci ildən etibarən milli ordu qurmaq yolunda təcili tədbirlər görən erməni liderləri artıq 1905-ci ildə, Qafqazdakı ilk açıq silahlı toqquşmalar zamanı 100 min nəfərlik etnik ordu yaratmağa nail olmuşdular. 

Ermənilərdən fərqli olaraq azərbaycanlılar həmin dövrdə hazırlıqsız idilər. Belə bir vəziyyətdə çar məmurları inqilabdan diqqəti yayındırmaq məqsədilə iki millət arasında düşmənçlik toxumu səpirdi. Bu məqsədlə xüsusi xəfiyyə şəbəkəsinin qurulması nəzərdə tutulurdu.
C.Zeynaloğlunun 1924-cü ildə İstanbulda nəşr edilən kitabında belə məlumat verilir. «Yalnız azərbaycanlılar qəflətdə idilər və iğtişaşlarda çarın tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu qəflətindən istifadə edib Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru göndərərək türklər (azərbaycanlılar) ilə ermənilər arasında icra etdiyi təbliğat ilə birini digəri əleyhinə silah işlətməyə təşviq edir və əsrlərcə yaxşı keçinən iki milləti birini digərinə qırdırırdı".

Həmin dövrdə Borçalı qəzasının mərkəzi Şulaver qəsəbəsi idi və bu qəsəbənin əhalisinin çoxu ermənilər idi. İstənilən an milli zəmində qarşıdurma yarana bilərdi. Qəzanın idarəçiliyi isə rus millətindən olan pristavlara və bölgənin xristian əhalisindən seçilən nümayəndələrə tapşırılmışdı. Bu isə yerli müsəlman - türk əhalisinin haqlı narazılığına səbəb olurdu. 
Həmin dövrdə Zaqafqaziya müftisi Mirzə Hüseyn Qayıbovla Borçalı qazısı Yusif Əfəndi Allahyarzadə ilə görüşərkən bu məsələni müzakirə ediblər. Qazılığın mərkəzi Şulaverdən Arıxlı kəndinə köçürülüb. Söhbət burda qəzanın inzibati mərkəzinin dəyişdirilməsindən deyil, sünni məzhəbinin mərkəzinin dəyişdirilməsindən gedir. Arıxlı məsçidi belə bir gərgin, narahat dövrdə tikilib. 

(davamı var)
Pünhan Əfəndiyev

 

Xəbər xətti