Parisdən 70 kilometr cənubda başlayan böyük meşə yanğını təxminən 1900 hektara yaxın ərazini əhatə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Franceinfo radiosunda Sena və Marn yanğınsöndürmə xidmətinin sözçüsü Pol-Eduard Lorens bildirib.
Onun sözlərinə görə, əsas yanğın 1600 hektara, bazar ertəsi günortadan sonra Fontainebleau yaxınlığında baş verən ikinci yanğın isə 320 hektara çatıb. Lorens əlavə edib ki, yanğın gün ərzində genişlənə bilər.
Səkkiz yüz əlli yanğınsöndürən alovla mübarizə aparır və dörd "Canadair" təyyarəsi hava dəstəyi verir. Çətin hava şəraiti alovların yayılmasına səbəb olur. Milli Meteorologiya Xidmətinin 14 iyul üçün proqnozlarına görə, ölkənin mərkəzi hissəsində anormal istilər 36-38 dərəcə Selsi səviyyəsində qalacaq.