Metroda böyük YENİLİK: "Dərnəgül" deposu tikilir

12:22 - 7 Aprel 2025 - Xəbər

Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi Bakının nəqliyyat sisteminin infrastruktur və mobillik layihələrinin icrası və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ucnoqta.az xəbər verir ki, layihənin əsas tərkib hissələrindən biri kimi, "Dərnəgül" elektrik deposunun inşası bərpa olunur.

Elektrik depolarının ən əsas vəzifəsi müstəqil fəaliyyət göstərməli olan xətlərin etibarlı və təhlükəsiz fəaliyyətini təmin etməkdir. Depo hərəkətin təşkili, vaqon parkına xidmət göstərilməsi, qatar tərkiblərinin saz vəziyətdə saxlanması, texniki xidmət və təmirin vaxtında keyfiyyəti icrasını və digər funksiyaları özündə birləşdirir.

Hazırda Qırmızı və Yaşıl xətlərin hər ikisinə "Nərimanov" elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir.

"Dərnəgül" elektrik deposunun ərazisi Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126-27-ci məhəlləsində ayrılmış 16,5 hektara yaxın torpaq sahəsində yerləşir. Deponun ərazisi dəmir yolu xəttinə çıxış sahəsi də daxil olmaqla hasarlanıb. Ərazinin fərqli və bəzi yerlərdə mürəkkəb relyefi nəzərə alınmaqla istinad divarlarının dəmir beton konstruksiyalarının tikintisi tamamlanıb. 3 nəzarət-buraxılış məntəqəsindən 2-si tam hazırdır. Depoların ən mühüm tələbi olan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə 7-mərtəbəli inzibati bina və 2-mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.

Ərazidə 500 kubmetrlik 2 yanğın və 100 kubmetrlik içməli su anbarları, həmçinin xidməti və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyasının və iki qazanxana binasından birinin inşa işləri qismən tamamlanıb.

Təməl qazıntı və konstruktiv elementləri əvvəlki dövrdən hazır olan qatarların dayanma-təmir sahəsində hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, həmçinin dönmə dairəsi inşa ediləcək.

Depoda rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, müxtəlif növ yağıntılar, işlənmiş mayelər üçün axar və çənlərin, habelə təmizləyici qurğuların və digər mühüm obyektlərin inşası da nəzərdə tutulub. Burada işçilərin əmək şəraitinin və asudə vaxtlarının səmərəli təşkili üçün lazım olan bütün infrastruktur yaradılacaq. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri ilə yanaşı, depo layihəsinə yaşıllıqlar və parkların salınması da daxildir. Ərazinin ekoloji layihələri çərçivəsində 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonaları yaradılacaq.
Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastruktur inşa olunacaq.

Hazırda layihələrin son tamamlanması, ekspertizadan keçirilməsi, habelə inşaat və infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.

Xəbər xətti