Azərbaycan süni intellektin milli və qlobal səviyyədə tətbiqini genişləndirir

13:57 - 19 Mart 2025 - Xəbər

Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası ölkənin rəqəmsal transformasiya yolunda mühüm bir mərhələdir. Bu strategiya Azərbaycanın qlobal süni intellekt yarışında mövqeyini möhkəmləndirmək, texnoloji suverenliyini artırmaq və rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün kompleks tədbirlər planını əhatə edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Elvin Abbasov qeyd edir ki, bu çərçivədə yüksəksəviyyəli hesablama infrastrukturu qurulacaq, AI sahəsində ixtisaslı kadr hazırlığı genişləndiriləcək və süni intellektin etik istifadəsi üzrə normativ-hüquqi baza formalaşdırılacaq:

"Bununla yanaşı, dövlət-özəl sektor əməkdaşlığı gücləndiriləcək, beynəlxalq institutlarla əlaqələr inkişaf etdiriləcək və süni intellekt tətbiqlərinin təhlükəsizlik aspektləri diqqət mərkəzində saxlanacaq.

Azərbaycan süni intellektin milli və qlobal səviyyədə tətbiqini genişləndirərək, innovasiyalar üçün əlverişli ekosistem yaratmağı və AI sahəsində liderliyə doğru irəliləməyi hədəfləyir. Bu strategiya təkcə texnologiya deyil, həm də ölkənin iqtisadi, elmi və təhlükəsizlik sahələrində dayanıqlı inkişafına xidmət edəcək".

Xəbər xətti