23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
1995-ci ildə qəbul olunan Konstitusiya ölkədə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir.
Azərbaycanda Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.