Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Firuzə Qasımova bildirib ki, təqsirləndirilən Ə.Kərimzadə ona məxsus obyekti icarəyə götürüb. Daha sonra onun etimadından sui-istifadə edərək pulunu alıb: "10 min manat nağd pul vermişəm. 3 mindən artıq da icarə haqqını ödəmədiyindən borc qalmışdı. Həmin pulun hissə-hissə 6500 manatını qaytardı".
Təqsirləndirilən şəxs isə ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını deyib: "Mən F.Qasımovanın obyektini icarəyə götürüb, vəkillik fəaliyyəti ilə məşğul olurdum. İcarə haqqına 1500 manat borcum var idi. 3 min verməyə razılaşdım. İttihamda yazılıb ki, guya mən F.Qasımovadan işə düzəltmək adı ilə pul almışam. Mən nəqliyyat sahəsində idim. Vakant yer də ancaq sürücülük idi. 70 yaşlı qadını sürücü kimi işə götürəcəkdim"?
Digər zərərçəkmişlər isə məhkəmədə iştirak etmədiyindən proses oktyabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki. Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var.
Ə.Kərimzadə ümumi olaraq 60 min manatdan çox məbləği mənimsəməkdə təqsirləndirilir.
Ə.Kərimzadə ona qarşı irəli sürülən ittihamla razılaşmır.
Qeyd edək ki, Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. O, ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlunun ondan 12 min manat alaraq mənimsədiyini bildirmişdi.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib, məhkəmə zalından azadlığa buraxılıb.