“Azərsun Holdinq” 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş konfransda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif olunub.
Bu mükafat şirkətin əməyin mühafizəsi istiqamətində uzunmüddətli və sistemli fəaliyyətinin, təhlükəsiz iş şəraitinin təmin olunması və əməkdaşların rifahına verilən önəmin bariz nümunəsidir. Mükafat “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bəyə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərsun Holdinq”in əməyin mühafizəsi üzrə qabaqcıl təcrübəsi, həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlığı və müasir texnologiyaların tətbiqi sahəsində atdığı addımlar yüksək qiymətləndirilib.
Konfrans çərçivəsində “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən müzakirələrdə ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası”nın inklüziv məşğulluğa və yeni əmək vərdişlərinin formalaşmasına verəcəyi töhfələr vurğulanıb. Tədbirdə həmçinin “Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrini əhatə edən videoçarxlar təqdim olunub.