Belçika kralı Filip baş nazir Bart De Veverin istefa müraciəti ilə bağlı qərar qəbul etməyi təxirə salıb və ona ölkənin büdcəsi ilə bağlı danışıqları davam etdirməyi tapşırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Sarayının “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Məlumata görə, kral qərarını təxirə salıb və sabahdan etibarən hakim çoxluğa daxil olan partiyaların sədrləri ilə məsləhətləşmələrə başlayacaq.
Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı hakim koalisiyada aparılan danışıqların nəticəsiz qalmasından sonra krala istefa ərizəsi təqdim edib.
Bir qayda olaraq, monarx hökumət başçısının ilk istefa müraciətini qəbul etmir və ona danışıqları davam etdirmək üçün əlavə vaxt verir. Siyasi böhran təhlükəsi yarandıqda partiyalar, növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan daha sərfəli olacağını düşünmədikləri halda, çox vaxt kompromisə gedirlər.
Hazırda Belçika hökumətinin artan hərbi xərclər fonunda illik büdcəsində 10 milyard avro çatışmazlıq var. Bu məbləğin təmin edilməsi üçün ya sosial xərclər azaldılmalı, ya da vergilər və rüsumlar artırılmalıdır.
