Almaniyanın avtomobil ehtiyat hissələri istehsalçısı “Schaeffler” şirkəti Avropadakı filiallarında 3 460 iş yerini ixtisar etməyi və Almaniyada dörd istehsal müəssisəsini bağlamağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə konsernin rəsmi saytında yayılan məlumatda bildirilib.
İxtisarların ən böyük hissəsi – 2 660 iş yeri Almaniyadakı müəssisələrin payına düşəcək. Şirkət rəhbərliyi bu qərarı Avropa avtomobil sənayesində uzun müddətdir davam edən böhran və istehsal güclərinin optimallaşdırılması zərurəti ilə əsaslandırıb.
Orta müddətli perspektivdə şirkət Avropada beş müəssisənin fəaliyyətini tamamilə dayandırmağı nəzərdə tutur. Onlardan dördü Almaniyada yerləşir. Dortmund və Morbax şəhərlərindəki zavodlar da bağlanacaq. Bu müəssisələrdə müvafiq olaraq 430 və 160 nəfər çalışır.
Bundan başqa, Berlindəki filialın fəaliyyətinin dayandırılması, Şvalbaxdakı müəssisənin bağlanması planlaşdırılır. Şvalbaxda çalışan 385 nəfərin əksəriyyətinin Frankfurt-Mayn şəhərindəki müəssisəyə köçürülməsi nəzərdə tutulsa da, bu proses çərçivəsində təxminən 190 iş yeri ixtisar ediləcək.
Dəyişikliklər Höxştadtdakı alət istehsalına, Erlangen və Şvaynfurtdakı xüsusi maşınqayırma bölmələrinə də şamil olunacaq. Bühl, Nürnberq, Reqensburq və Hersogenauraxdakı müəssisələrdə də artıq istehsal güclərinin azaldılması tədbirləri həyata keçiriləcək.
