ABŞ Ədliyyə Nazirliyi əvvəlki federal seçkilərlə bağlı qanun pozuntularında şübhəli bilinən 63 nəfərə ittiham irəli sürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, ittiham olunanlar arasında dörd qeyri-qanuni miqrant da var. Onlar qanunsuz səsvermədə, seçici kimi saxta qeydiyyatdan keçməkdə və seçki prosesi ilə bağlı digər cinayətlərdə təqsirləndirilirlər.
Nazirliyin məlumatına görə, ittiham olunanların böyük əksəriyyəti ABŞ vətəndaşı deyil, lakin ölkədə qanuni əsaslarla yaşayır. Onların bir qismi seçkilərdə iştirak etmək üçün ABŞ vətəndaşlığına malik olduqları barədə bilərəkdən yanlış məlumat verib, digərləri isə vətəndaş olmamalarına baxmayaraq səsvermədə iştirak ediblər.
İttihamların əksəriyyəti 2024-cü il prezident seçkiləri ilə bağlıdır. Məlumata görə, təqsirləndirilən şəxslərdən biri 2008-ci ildən bəri doqquz ümumi seçkidə, digəri isə 2000-ci ildən etibarən 12 seçkidə vətəndaşlığı olmadan səs verib.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında prezident vəzifəsinə başladıqdan sonra ABŞ-da seçki cinayətləri ilə bağlı ümumilikdə 239 nəfərə ittiham irəli sürülüb.
