Qara dənizdə Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən yedək gəmisi qəzaya uğrayıb. Hadisə nəticəsində gəmidə olan 7 türkiyəli dənizçinin xilas edilməsi üçün əməliyyat keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Ayaz Bey” adlı yedək gəmisi yerli vaxtla saat 04:20 radələrində beynəlxalq təhlükə siqnalı – “Mayday” göndərib. Buna səbəb gəminin Antiqua və Barbuda bayrağı altında üzən “Mentor” gəmisi ilə toqquşması olub.
İlkin məlumata görə, “Ayaz Bey” və “Ramazan Bey” adlı iki Türkiyə yedək gəmisi daha əvvəl Ukraynanın Odessa limanı yaxınlığında zədələnmiş “Mentor” gəmisini Türkiyəyə aparırmış.
Əlverişsiz hava şəraiti səbəbindən yedək trosları qırılıb. Troslar sonradan bərpa edilsə də, “Ayaz Bey” gəmisi “Mentor”la toqquşub.
Xilasetmə əməliyyatına Rumıniya Daxili İşlər Nazirliyinin iki gəmisi və digər xilasedici vasitələr cəlb olunub.
