ABŞ Sahil Mühafizəsi Mayami limanında “MSC Poesia” səyahət gəmisini yoxlama məqsədilə saxlayıb. Hadisə zamanı gəmidə sərnişinlər də olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News Sahil Mühafizəsinin nümayəndələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, gəmi beynəlxalq standartlara və ABŞ qanunvericiliyinə uyğunluq baxımından yoxlanılır. Yoxlama başa çatanadək gəminin hərəkəti dayandırılıb.
Telekanalın məlumatına görə, gəmi 3 200-dən çox sərnişin və 1 000 ekipaj üzvü daşımaq imkanına malikdir. Lakin hazırda göyərtədə neçə nəfərin olduğu açıqlanmayıb.
“MSC Cruises” şirkəti də gəminin yola düşməsinin gecikdirildiyini təsdiqləyib. Şirkət ABŞ rəsmiləri ilə tam əməkdaşlıq etdiyini və sərnişinləri baş verən dəyişikliklər barədə məlumatlandırdığını bildirib.
