2024–2025-ci illərdə dünyada 189 jurnalist peşə fəaliyyəti ilə əlaqədar qətlə yetirilib. Bu, 2022–2023-cü illərlə müqayisədə 20 faiz çoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə UNESCO-nun baş direktoru Xalid əl-Ananinin jurnalistlərin təhlükəsizliyi və onlara qarşı cinayətlərin cəzasız qalması ilə mübarizəyə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunan ölüm hallarından 127-si döyüş bölgələrində baş verib. Bildirilir ki, həmin jurnalistlərin 40 faizi pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar nəticəsində həlak olub. Ən çox jurnalist Fələstində (62), Meksikada (17) və Sudanda (14) öldürülüb. UNESCO-nun məlumatına görə, qeyd olunan dövrdə Ukraynadakı münaqişə 12 media əməkdaşının həyatına son qoyub.
Hesabatda vurğulanıb ki, yerli və beynəlxalq hərbi müxbirlər getdikcə daha böyük risklərlə üzləşirlər. Xüsusilə, onlar atəş xəttində qalmaqla yanaşı, cəbhə xəttindən uzaqda da məqsədli hücumlara məruz qalırlar. Məlumata görə, dörd ölkədə münaqişə zonalarında 36 jurnalist müvəqqəti media mərkəzlərində və iş yerlərində həlak olub. Bir hücum nəticəsində isə doqquz jurnalist həyatını itirib.
UNESCO son 20 ildə ümumilikdə 1,6 min jurnalistin öldürüldüyünü qeydə alıb. Bu halların yalnız 14 faizində istintaq başa çatdırılıb.
Bununla yanaşı, hesabatda silahlı münaqişənin olmadığı ölkələrdə tamamlanmamış araşdırmaların payının 2012-ci ildəki 94 faizdən 2026-cı ildə 77 faizə düşdüyü bildirilib.
UNESCO-nun baş direktoru Xalid əl-Anani qeyd edib ki, mətbuat azadlığının qorunması bu gün əvvəlkindən daha aktualdır. Onun sözlərinə görə, mətbuat azadlığı həm münaqişə zonalarında, həm də dinc bölgələrdə ciddi təhdid altındadır və jurnalistlər bunun bədəlini yüksək qiymətə ödəməkdə davam edirlər.
