İsrail Müdafiə Qüvvələri İran ətrafında artan gərginlik fonunda müdafiə büdcəsinin 25 milyard şekel (təxminən 8 milyard dollar) artırılmasını tələb edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələri bu tələbin yaxın vaxtlarda təsdiqlənməsini sual altına qoyur.
İsrailin müdafiə xərcləri tarixi maksimuma çatıb. 2023-cü ildə müharibə başlamazdan əvvəl müdafiə xərcləri təxminən 22,4–25,6 milyard dollar təşkil edirdi. 2026-cı il üçün müdafiə büdcəsi isə mart ayından bəri iki dəfə artırılaraq ilkin nəzərdə tutulan 35,5 milyard dollardan 50,5 milyard dollara çatdırılıb.
Portalın məlumatına görə, seçkilərə bir həftə qalmış İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriçlə görüşərək səsvermədən dərhal sonra müdafiə sektoruna əlavə 8 milyard dollar ayrılması məsələsini müzakirə edib.
“Ynet” yazır ki, hazırda İsrail ordusu Livan, Suriya və Qəzza zolağında təhlükəsizlik zonalarını qorumaqla eyni vaxtda üç cəbhədə fəaliyyət göstərir. Portalın məlumatına görə, bu əməliyyatlar həftədə təxminən 650 milyon dollara başa gəlir.
Bundan əlavə, İsrail İranla mümkün hərbi qarşıdurma ehtimalına görə yüksək döyüş hazırlığı vəziyyətini qoruyur. Portalın bildirdiyinə görə, bu vəziyyət silahların təcili alınmasını zəruri edir.
