Suriyada daşqınlar nəticəsində təxminən 375 ailə müvəqqəti məskunlaşma düşərgələrindən təxliyə edilib. Körpünün uçması səbəbindən Hələb–Rəqqa avtomobil yolunda hərəkət tamamilə dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi məlumat yayıb.
Məlumata görə, xilasedicilər su axınlarında qalan avtomobillərdən 15 nəfəri xilas ediblər. Rəqqa vilayətinin qərb hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində isə ilkin məlumata əsasən, bir nəfər ölüb.
Nazirliyin açıqlamasında bildirilib ki, Rəqqa vilayətinin kənd ərazilərindəki müvəqqəti məskunlaşma düşərgələri yağış suları altında qaldığından təxminən 375 ailə ərazini tərk edib.
Daşqınlar Əs-Səlmani körpüsünün uçmasına və Hələb–Rəqqa avtomobil yolunda hərəkətin dayanmasına səbəb olub. Ümumilikdə, körpülər, suötürücü qurğular və torpaq yollar da daxil olmaqla, yol infrastrukturunun yeddi obyekti sıradan çıxıb.
Bundan əlavə, Deyr əz-Zor şəhərində və ətraf ərazilərdə üç körpü istifadəyə yararsız vəziyyətə düşüb.
