Keniyada Ebola virusuna ilk yoluxma halı aşkarlanandan sonra 108 nəfər karantinə götürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Nation” qəzeti ölkənin səhiyyə naziri Eydən Dualeyə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, virusa yoluxmuş şəxslə təmasda olan 122 nəfərin kimliyi müəyyən edilib. Onlardan 108-i gündəlik tibbi nəzarət altında karantində saxlanılır. Hələlik həmin şəxslərin heç birində xəstəliyin əlamətləri aşkarlanmayıb. Digər təmasda olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Eydən Duale ölkədə yeni yoluxma hallarının qeydə alınmadığını bildirib. Mümkün yoluxma ilə bağlı daxil olan 289 müraciət üzrə ümumilikdə 293 nümunə yoxlanılıb. Müsbət nəticə yalnız daha əvvəl təsdiqlənmiş yoluxma halında aşkarlanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, epidemioloji nəzarət gücləndiriləndən bəri ölkəyə daxil olan 667 mindən çox sərnişin 26 sərhəd-keçid məntəqəsində yoxlamadan keçirilib. Xəstələrin yerləşdirilməsi üçün beş tibb müəssisəsində 241 çarpayı hazırlanıb. Həmçinin operativ reaksiya qruplarının gecə-gündüz fəaliyyəti təşkil olunub.
Nazir vurğulayıb ki, ölkədə səfərlərə, ticarətə və kütləvi tədbirlərə məhdudiyyət tətbiq edilmir. Hava limanları və sərhəd-keçid məntəqələri gücləndirilmiş sanitar nəzarət şəraitində adi qaydada fəaliyyət göstərir.
