ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus altıncı esminesin oktyabrın 15-də İspaniyanın Kadis əyalətində yerləşən Rota hərbi-dəniz bazasına gəlməsi planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət “Arleigh Burke” sinfinə aid “Flight III” tipli “USS John Basilone” esminesindən gedir. Gəminin qarşılanması mərasimində İspaniyanın müdafiə naziri Marqarita Robles, ABŞ-ın Madriddəki səfiri Bencamin Leon və ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının komandanı, vitse-admiral Ceffri T. Andersonun iştirakı gözlənilir.
ABŞ-ın beşinci esminesi 2024-cü ilin oktyabrında İspaniyaya gəlib. 2023-cü ilin mayında isə Madrid və Vaşinqton Rota bazasında daha iki ABŞ hərbi gəmisinin yerləşdirilməsi barədə razılığa gəliblər. Bununla bazadakı Amerika esmineslərinin sayının altıya çatdırılması nəzərdə tutulub.
“Arleigh Burke” sinfinə aid idarəolunan raket silahları ilə təchiz edilmiş esmineslər həm hücum, həm də müdafiə imkanlarına malik çoxməqsədli döyüş gəmiləridir. Onlar müstəqil şəkildə və ya aviadaşıyıcıların zərbə qruplarının tərkibində fəaliyyət göstərə bilirlər.
Bu tip gəmilərin su basımı 8 230–9 900 ton, uzunluğu isə təxminən 155 metrdir.
