“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsini Azərbaycan dövlətçiliyinin inkişafı, hüquqi maarifləndirmənin gücləndirilməsi və gənclərin vətəndaş məsuliyyətinin artırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirir.
2025-ci il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünün qeyd olunması, eləcə də Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi baxımından xüsusi tarixi əhəmiyyət daşıyır. Bu əlamətdar tarixlər Konstitusiyanın cəmiyyətdəki rolunun, insan hüquq və azadlıqlarının, qanunun aliliyinin və dövlətçilik dəyərlərinin daha geniş şəkildə təbliği üçün mühüm zəmin yaradıb.
İctimai Birliyin qənaətinə görə, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Hüquqi və sosial maarifləndirmə təşəbbüsləri gənclərin hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasına, onların ictimai proseslərdə iştirakının genişləndirilməsinə və vətəndaş məsuliyyətinin formalaşmasına mühüm töhfə verir.
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi də fəaliyyət istiqamətlərinə uyğun olaraq region gənclərinin hüquqi və sosial maarifləndirilməsi, onların ictimai fəallığının artırılması və sosial məsələlərə dair məlumatlılığının gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirir.
Bu fəaliyyətin nümunələrindən biri 2025-ci ilin may ayında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Erkən nikah taleyimiz olmasın” adlı maarifləndirici layihə olub. Layihə çərçivəsində gənclərə erkən nikahın sosial, psixoloji və hüquqi fəsadları, qanunvericiliyin tələbləri və hüquqların müdafiəsi ilə bağlı məlumatlar təqdim edilib.
İctimai Birliyin sədri Qalib Nəbiyev bildirib:
“Konstitusiya və Suverenlik İli ölkəmizin dövlətçilik tarixində mühüm mərhələləri özündə birləşdirən əlamətdar bir ildir. Bu ilin mahiyyətinin gənclərə düzgün çatdırılması, onların Konstitusiya ilə müəyyən edilən hüquq və vəzifələri barədə məlumatlandırılması və dövlətçilik dəyərlərinə bağlı vətəndaş mövqeyinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Biz QHT olaraq fəaliyyətimizi bu istiqamətdə davam etdirməyi vacib hesab edirik.”
Qalib Nəbiyev qeyd edib ki, xüsusilə regionlarda gənclərin hüquqi maarifləndirilməsi və ictimai təşəbbüslərə cəlb olunması davamlı diqqətdə saxlanılmalıdır. Onun sözlərinə görə, gənclərin hüquqi savadlılığının artırılması onların cəmiyyət həyatında daha fəal və məsuliyyətli iştirakına şərait yaradır.
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi bundan sonra da hüquqi maarifləndirmə, gənclərlə iş, sosial məsələlərin ictimai müzakirəsi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
