Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Respublika Günü münasibətilə Anıtqəbirdə keçirilən mərasimdə üzərində milli döyüş təyyarəsi KAAN-ın təsvirləri olan qırmızı qalstuk taxıb.
Ucnoqta.az xəbər verir ki, Ərdoğanın rəhbərlik etdiyi dövlət nümayəndə heyəti Respublika Günü münasibətilə Anıtqəbri ziyarət edib. Mərasim zamanı prezidentin qırmızı fon üzərində KAAN təyyarəsinin təsvirləri olan qalstuk taxdığı diqqət çəkib.
Ərdoğan daha əvvəl Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında Bədir Anlaşma Memorandumunun imzalandığı gün də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament qrupunun iclasında KAAN təsvirli başqa bir qalstuk taxmışdı.
Türkiyə mediasının yazdığına görə, prezidentin Respublika Günündə həmin naxışın qırmızı rəngli variantına üstünlük verməsi ölkənin milli aviasiya layihələrinə dəstəyinin simvolik ifadəsi kimi qiymətləndirilib.
Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən xüsusi hazırladılan qalstuk Türkiyənin öz döyüş təyyarəsini istehsal etmək hədəfini də simvolizə edir.

