Dünyada milyonlarla insanı təsir edən demensiya və Alzheymer xəstəliyi ilə bağlı yeni məlumatlar açıqlanıb. Məlumata görə, dünyada hər 3 saniyədə bir yeni demensiya halı qeydə alınır.
Ucnoqta.az bildirir ki, hazırda dünya üzrə 55 milyondan çox insanın demensiya ilə yaşadığı bildirilir. Mütəxəssislər yaşlanan əhali fonunda bu xəstəliyin qlobal səhiyyə üçün getdikcə daha böyük problemə çevrildiyini qeyd edirlər.
Beyin hüceyrələrinin zamanla zədələnməsi nəticəsində yaranan Alzheymer xəstəliyi yaddaş, düşünmə, qərarvermə və gündəlik fəaliyyət qabiliyyətinin tədricən itirilməsinə səbəb olan proqressiv xəstəlikdir. Demensiyanın ən geniş yayılmış forması olan Altsheymer bütün demensiya hallarının təxminən 60-70 faizini təşkil edir.
Qiymətləndirmələrə əsasən, 2040-cı ilədək demensiya dünyada əsas ölüm səbəblərindən birinə çevrilə bilər.
Demensiya riskini artıran amillər
Mütəxəssislər yüksək qan təzyiqi, yüksək xolesterin, piylənmə, 2-ci tip diabet, tütün və alkoqoldan istifadə, hərəkətsiz həyat tərzi, zehni aktivliyin aşağı olması, depressiya, kəllə-beyin travmaları və yuxu pozuntularını risk amilləri sırasında göstərirlər.
Mütəxəssislərin fikrincə, dəyişdirilə bilən risk faktorlarının nəzarətdə saxlanılması xəstəliyin qarşısının alınması istiqamətində mühüm addımlardan biridir.
Eyni zamanda, demensiya ilə yaşayan insanların ayrı-seçkilik və stiqma ilə üzləşməsi onların tibbi xidmətlərə çıxışını çətinləşdirə bilər. Buna görə həm xəstələrin, həm də onlara qulluq edən şəxslərin dəstəklənməsi və cəmiyyətdə xəstəliklə bağlı maarifləndirmənin artırılması vacib hesab olunur.
