Qəzza üzrə Sülh Şurası çərşənbə günü Fələstin anklavının bərpasına dair altı aylıq planı açıqlamağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, planın ilk altı ay ərzində 2,45 milyard dollar maliyyələşdirilməsi nəzərdə tutulur. Vəsait müvəqqəti yaşayış məntəqələrinin salınmasına, dağıntıların təmizlənməsinə, xəstəxanaların bərpasına, iqtisadi fəaliyyətin yenidən canlandırılmasına və beynəlxalq təhlükəsizlik qüvvələrinin anklavda yerləşdirilməsinə yönəldiləcək.
Axios qeyd edir ki, planın həyata keçirilməsi üçün İsrail və HƏMAS-ın əməkdaşlığı tələb olunur. Şuradakı mənbələr işlərə İsrail Knessetinə keçiriləcək seçkilərdən sonra, yəni oktyabrın 27-dən etibarən başlanmasının mümkün olduğunu bildirirlər.
Plana əsasən, Qəzzada dağıntıların ümumi dəyəri 35,2 milyard dollar qiymətləndirilir. Anklavın qarşıdakı 10 il ərzində tam bərpası üçün isə 71,4 milyard dollar tələb olunduğu bildirilir.
Hazırda Sülh Şurası ilk altı ay üçün nəzərdə tutulan 2,45 milyard dolları tam şəkildə toplaya bilməyib. Bununla belə, təşkilat vəsaitin işlərin ilkin mərhələləri üçün dərhal tam həcmdə tələb olunmayacağını və məbləğin altı ay ərzində toplanmasının mümkün olacağını hesab edir.
