ABŞ hakimiyyəti Texas ştatında parazitlərlə mübarizə məqsədilə steril milçəklərin yetişdirilməsi üçün 600 milyon dollardan artıq dəyəri olan müəssisə inşa etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, çoxaldılma qabiliyyəti olmayan steril həşəratların xüsusi şəraitdə yetişdirilərək təbiətə buraxılması ət yeyən milçək parazitlərinin yayılmasının qarşısını almağa imkan verəcək. Bu parazitlər əsasən iribuynuzlu mal-qaraya, qoyunlara və itlərə zərər vurur.
Texas rəsmilərinin qiymətləndirməsinə əsasən, parazitlərin geniş yayılması ABŞ kənd təsərrüfatına milyardlarla dollar ziyan vura bilər.
“Reuters”in məlumatına görə, müəssisənin 2027-ci ilin yazında fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda ABŞ-da steril milçəklərin yetişdirilməsi üzrə istehsal infrastrukturu mövcud deyil. Buna görə də Vaşinqton ölkənin cənubunda ev heyvanları və mal-qara arasında parazitlərin yayılmasının qarşısını almaq üçün Panama və Meksika ilə əməkdaşlıq edir.
