Günlər öncə Arda ilə aramızda belə bir söhbət oldu:
– Ana, artıq Azərbaycanla Türkiyə düşməndir?
– Bu haradan çıxdı? Biz bir millətik, niyə düşmən olaq?
– Dostum belə dedi…
Ona bunun yalan xəbər olduğunu söylədim. Amma nə oğlumu, nə də bu sözü deyən dostunu qınadım. Çünki hər iki ölkədə düşmənçilik mühiti yaratmaq üçün əlindən gələni edənlər oldu. Üzləri “ağ” olsun!
Tarix boyu aramızda incikliklər, fikir ayrılıqları yaşanıb. Amma münasibətlərimizi bu qədər zədələyən ittihamlar və qarşılıqlı təhqirlər heç vaxt bu həddə çatmayıb.
Bu proses bir daha göstərdi ki, hər deyilən sözü yazmazdan və paylaşmazdan əvvəl düşünmək lazımdır. Bunun üçün siyasi prosesləri izləmək, tarixə bələd olmaq və hadisələri təhlil etməyi bacarmaq vacibdir.
Məhz belə məqamlarda peşəkarlara ehtiyac duyulur! Son proseslərdə peşəkar jurnalistlər kor-koranə axına qoşulmadılar, sakit və təmkinli mövqe sərgilədilər. Peşəkarlıqlarına, tarixə və milli dəyərlərə sadiq qaldılar. Məncə, kor-koranə axına qoşulub eşitdiklərini düşünmədən yazanlar da dünənki görüşdən yaxşıca dərs aldılar. Anladılar ki, hər deyilənə inanmaq, hər axına qoşulmaq olmaz!
Yəni, əvvəl düşünün, sonra danışın, yazın və paylaşın! Azərbaycan-Türkiyə münasibətləri kimlərinsə maraqlarına qurban veriləcək qədər adi məsələ deyil!
Dünən Şuşada keçirilən möhtəşəm görüş, görüntülər, şəhidlərimizin canı bahasına azad edilən, dünyanı heyrətə salan əməliyyatların ünvanı olan Şuşadan verilən mesaj içimizdəki və çölümüzdəki düşmənlərə əsl sillə idi!
Bu görüşlə bir daha göstərildi: bizi heç kim və heç nə ayıra bilməz!
Biz bir millətik!
Xoşqədəm Hidayətqızı,
Əməkdar jurnalist
