İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” qəzeti məlumat yayıb.
Məlumata görə, Venger yekun qərarını gələn həftənin ortalarında verəcək. Daha əvvəl Britaniyanın “The Times” qəzeti yazmışdı ki, FİFA-nın hazırkı prezidenti Canni İnfantinonun rəqibləri qarşıdan gələn seçkilərdə Vengeri namizədliyini irəli sürməyə razı salmağa çalışırlar.
FİFA prezidentinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Namizədlər iştirak üçün müraciətlərini noyabrın 18-dək təqdim edə bilərlər.
Hazırda FİFA-da qlobal futbolun inkişafı üzrə rəhbər vəzifəsində çalışan Vengerlə yanaşı, digər mümkün namizədlərin də adları müzakirə olunur. Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalani isə FİFA prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırmır.
