Səudiyyə Ərəbistanı Yəməndəki husilərin hücumlarına cavab olaraq ölkənin suverenliyini və ərazisini qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Nazirlik Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərin atəşə tutulmasını qətiyyətlə pisləyib. Hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla, 73 dinc sakinin yaralandığı qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Səudiyyə Ərəbistanı ərazisinə qarşı hər hansı təcavüzə dözməyəcək və milli sərvətlərin qorunması, eləcə də vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün qanuni hüququndan istifadə edəcək.
Nazirlik husilərin mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlarının mümkün nəticələri barədə xəbərdarlıq edib və qruplaşmadan bütün eskalasiya addımlarını dərhal dayandırmağı tələb edib.
