İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah” təşkilatına məxsus obyektlərə yeni zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr “Hizbullah” dəstələrinin Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən İsrail hərbçilərinə hücumuna cavab olaraq həyata keçirilib. Cümə günü axşam saatlarında hərbçilərin istiqamətində pilotsuz uçuş aparatı (PUA) buraxılıb. Hadisə nəticəsində İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.
İsrail ordusu buna cavab olaraq “Hizbullah”ın hərbi infrastrukturuna, o cümlədən silah anbarlarına və təşkilatın şəxsi heyətinə zərbələr endirib.
Ordunun açıqlamasında qeyd olunub ki, hücumlar “birbaşa təhlükənin aradan qaldırılması” məqsədi daşıyıb. Bununla yanaşı, İsrailin Livanın cənubunda atəşkəs razılaşmasına sadiq qaldığı bildirilib.
