BMT Baş Assambleyası Qazaxıstanın təşəbbüsü ilə 22 apreli Beynəlxalq Planetin Yaşıllaşdırılması Günü elan edən qətnamə qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, beynəlxalq günün təsis edilməsi təşəbbüsünü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi debatları zamanı irəli sürüb. Sənədə 32 ölkə həmmüəllif qismində qoşulub.
Qətnamənin ətraf mühitin qorunması, ekosistemlərin bərpası, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinə xidmət edəcəyi bildirilib.
Qazaxıstan XİN qeyd edib ki, təşəbbüs cəmiyyətin ekologiyanın qorunmasının əhəmiyyəti barədə məlumatlılığının artırılmasına yönəlib.
